Azərbaycanın ən böyük və ən gözlənilən gənclər festivalı “Yay Fest” bu il də daha fərqli və daha əyləncəli formatda yenidən öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, çadır tipli düşərgə formatında olan festival Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda keçirilir.
“Yay Fest”in keçirilməsində məqsəd dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqinə, gənclərin inkişafı və onların asudə vaxtının səmərəli və əyləncəli keçməsinə, o cümlədən müxtəlif bölgələrdən olan gənclərin şəbəkələşməsinə və sosiallaşmasına dəstək verməkdir.
Minlərlə gəncin iştirak edəcəyi “Yay Fest” gənclər üçün enerjili və dinamik bir mühit yaratmaq üçün geniş əyləncə və öyrənmə imkanları ilə zəngindir. 2019-cu ildən təşkil olunan festival, 2 ay boyunca davam edəcək və müxtəlif mövzuları əhatə edən silsilə düşərgələrdən ibarət olacaq. Ötən illərdə olduğu kimi, bu il də tematik mövzulara uyğun 8 ardıcıl düşərgənin keçirilməsi planlaşdırılır. Bu festivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub və təşkilatçılar tərəfindən düşərgə iştirakçıları üçün bütün zəruri şərait yaradılıb.
Qeyd edək ki, iyunun 15-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Birlikdə daha yaşıl gələcəyə!” şüarı altında keçirilən “Yay Fest”in builki ilk düşərgəsinə start verilib. Düşərgə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Düşərgənin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Düşərgənin rəsmi açılış mərasimində dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri və media nümayəndələri iştirak ediblər. Çıxış edən natiqlər Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının və COP29 kimi mötəbər tədbirə ölkəmizin ev sahibliyi etməsinin vacibliyindən söz açıblar. Əlavə olaraq, çıxışçılar builki düşərgədə seçilən mövzuların ekologiya, ətraf-mühitin mühafizəsi və COP29-a həsr olunmasının əhəmiyyətindən, ekoloji problemlərin həllində gənclərin iştirakının artırılmasından bəhs ediblər. Qeyd olunub ki, builki düşərgə çərçivəsində yer alacaq COP həftəsi ərzində COP29 Azərbaycan Əməliyyat Şirkətinin ekspertləri tərəfindən dayanıqlılıq, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliklərinin təsirinin azaldılması kimi müxtəlif mövzularda intensiv təlimlər təşkil olunacaq.
Qeyd edək ki, bir həftə davam edəcək silsilə düşərgələr, bu il daha geniş miqyasda və daha zəngin proqramlarla təşkil olunacaq. Düşərgənin proqramında gənclərin vətənpərvər ruhda tərbiyə olunması və onların inkişafına dəstək verən fəaliyyətlər xüsusi önəm daşıyacaq.
Xüsusi vurğulayaq ki, düşərgədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış Zəfərə və Azərbaycanın dövlətçilik tarixinə həsr olunmuş sessiyalar təşkil ediləcək. Həmçinin açıq havada gənclərin fərdi və peşəkar inkişafının təmin edilməsi və asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif mövzular üzrə mütəxəssislərin iştirakı ilə panel müzakirələr, peşəkar təlimlər, idman yarışları, haykinq, əyləncəli və intellektual oyunlar keçiriləcək. Gənclər üçün qeyri-formal öyrənmənin vacibliyini nəzərə alaraq, düşərgə iştirakçıları üçün ekoloji məsuliyyətliliyi artıran master-klaslar, vörkşoplar və görüşlər təşkil ediləcək.
“Yay Fest”in bütün yeniliklərindən xəbərdar olmaq, maraqlı və dinamik proqramlarla zəngin olan bu möhtəşəm tədbirdə iştirak şansı əldə etmək üçün “Yay Fest”in instaqram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyin. Festivalın unudulmaz anlarını yaşamaq və növbəti düşərgələrin bir parçası olmaq üçün bizə qoşulun və əyləncəli yay təcrübəsindən yararlanın!