Məhsəti Mərkəzində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyə Respublikası Mədəniyyət Nazirliyi, Bakı Yunus Emre İnstitutu və Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə sərgi keçirilib.
Sərgidə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş Konsulu Nikolaz İaşvili, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Həsən Məmmədov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və içtimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir “Anadoludakı izlər”adlı videoçarxın nümayişi ilə başlayıb.
Zeki Öztürk tədbir iştirakçılarını salamlayaraq, Göbeklitepe haqqında məlumat verib. O bildirib ki, 2003-cü ildə aparılan geomaqnit tədqiqatlarına əsasən 12000 il yaşı olan Göbeklitepe kompleksi, e.ə. IX minilliyə aiddir. Onun aşkar edilməsi yaxın Şərq və bütün Avrasiyada ilkin neolit dövrü haqqındakı qəbul olunan baxışlarda inqilabi dönüş edib. Göbəklitəpə 1960-cı illərin əvvəllərində arxeoloqlara məlum olsa da həqiqi izahını tapa bilmir. Fərziyyələrə əsasən, bu təpənin altında Bizans dövrünə aid qəbirstanlıq yerləşir.
Daha sonra “Göbeklitepe – tarixin sıfır nöqtəsi” adlı fotoşəkil sərgisi gələnlərə təqdim edilib.
Qeyd edək ki, sərgi 10 gün müddətində davam edəcək.