Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak etmələri bunu bir daha sübut edir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, şəhidlər və qazilər öz canları və qanları bahasına Azərbaycan xalqına böyük qələbə sevinci yaşadıblar:
“Şəhidlərimiz və qazilərimiz Vətən müharibəsində əfsanəvi qəhrəmanlıqlar göstərdilər, dünya hərb tarixində yeni bir səhifə açdılar. Onların bu şücaəti nəticəsidə 30 il işğal altında olan torpaqlarımız azad olundu və ərazi bütövlüyümüzün bərpa edildi. Onlar öz həyatları, sağlamlıqları bahasına xalqımıza bu qələbəni yaşatdı və əlbəttə ki, onların bu qəhrəmanlıqları dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir, şəhid ailələrinə və qazilərə dövlət qayğısı ardıcıl və sistemli şəkildə həyata keçirilir”, – deyə deputat bildirib.
A.Həsənova bildirib ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı 2018-ci ilin aprelində dövlət başçısı seçildikdən sonra ilk imzaladığı Fərmanın məhz şəhid ailələri ilə bağlı olmasında bir daha özünü göstərdi.
“Cənab Prezidentin həmin Fərmanı ilə şəhid ailələri daha bir sosial dəstək proqramı ilə əhatə olundu: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının – 12 min şəhidin 18 mindən çox vərəsəsinə 11 min manat birdəfəlik ödəmə verilməsi proqramı uğurla icra edildi.
Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla isə daha bir mühüm sosial proqramın icrasına hazırlıq işləri aparılır: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq”, – deyə deputat əlavə edib.
O vurğulayıb ki, eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları da sosial dəstək proqramı ilə əhatə olundu: “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin olundu.
“Şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin ardıcıl şəkildə artırılması təmin edilib. Həmçinin şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.
Şəhid ailələri və qazilər həmçinin reabilitasiya və sosial-psixoloji xidmətlər ilə təmin edilir. Bütün bunlar Azərbaycanda bu kateqoriyadan olan insanlara dövlət qayğısının bariz nümunəsidir.
Bu tədbirlər dövlətin sosial siyasətinin həssas qrupların maddi ehtiyaclarını nəzərdə tutmaqla yanaşı, eyni zamanda böyük mənəvi əhəmiyyət daşıyır.
Bu kateqoriyadan olan insanlara dövlət qayğısı həm də onu göstərir ki, Vətən yolunda öz canından, qanından keçən insaları nə dövlət, nə xalq unutmur, onlar daim dövlətin qayğısı ilə əhatə olunur”, – deyə A.Həsənova əlavə edib.