Səbinə Əliyeva və Şərəf Malkoç Gəncəyə səfər ediblər

Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Gəncəyə səfər ediblər. Onlar Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağıdılmış yaşayış mərkəzlərini ziyarət edib, həlak olan, yaralanan və zərər çəkən ailələrin yaxınları ilə görüşüblər.

Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç erməni terrorunun izləri ilə yerində tanış olub. Qonaqlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.

“Haqsızlıqlar deyilmədikcə yalanlar doğruları üstələyər”, – bu sözləri Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Gəncə şəhərinə etdiyi səfər zamanı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, mülki vətanşların ölümü ilə nəticələnən bu hadisələri törədənlər cəzasız qalmayacaqlar, onlar dünya qarşısında cavab verməli olacaqlar.

“Bu bombaları günahsız insanların üzərinə atanlar daha rahat ola bilməyəcəklər, onlardan hesab soruşulacaq. Onlar bu gün də olmasa, sabah dünya qarşısında cavab verməli olacaqlar. Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir və dünya tarixində bu cür hallar heç vaxt bağışlanmayıb”, – deyə Şərəf Malkoç bildirib.

Nurlana Həbibova :