Azad Bayramov,
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi, YAP Gəncə şəhər təşkilatının 3 saylı (Azərbaycan Dövlət Aqrar Universiteti) ərazi partiya təşkilatının sədri
Ağdam rayonu qədim və füsunkar təbiətinə sahib, Qarabağın mərkəzində yerləşən və Qafqazda ilk şəhər tipli yaşayış məskəni sayılan qədim diyardır. Ağdam öz maddi mədəniyyət nümunələri ilə Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Pənahəli xanın iqamətgahı olan bu qədim şəhər əslində inzibati mərkəz olaraq 1930-cu il 8 avqustunda yaradılmışdır. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. Onu da qeyd etmək lazımdır ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. Ermənistanın Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində ölkəyə ümumilikdə 6 milyard 179 milyon dollar məbləğində ziyan dəymiş və demək olar ki,onun müqəddəs ziyarətgahları, dəyişməz qibləgahları olan, bu gün azan səsinə həsrət qalmış məscidlərimiz, musiqi səslərinə möhtac qalmış bərli-bərəkətli torpaqlarımız, ata-babalarımızın uyuduqları məzarıstanlıqlarım belə talan edilmişdi. Bu vəhşilik, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır. Ağdam rayonu 44 günlük Vətən müharibəsindən sonra 2020-ci il noyabrın 20-də tamamilə azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev no¬yabrın 20-də xalqa müraciətində Ağdam rayonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirmişdir. “Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır”.
Ölkə Prezidenti Ağdama dəfələrlə səfər etmiş və bu bölgənin yenidən bərpa edilməsi üçün xüsusi tapşırıqlar vermişdir. Ağdama səfərləri çərçivəsində Prezident İlham Əliyevin açılışını etdiyi müəssisələr və təməlini qoyduğu obyektlər rayonun məruz qaldığı erməni vandalizminin nəticələrinin tezliklə tamamilə aradan qaldırılmasına və bu torpaqların yenidən dirçəlməsinə misilsiz töhfələr vermiş, onun inkişafına şərait yaratmışdır. Dövlətimizin başçısı bölgələrə etdiyi bütün digər səfərləri kimi, oktyabrın 4-də Ağdama səfəri də bir çox önəmli açılışlar və təməlqoyma mərasimləri ilə yadda qalmışdır. İlk növbədə Ağdam rayonunun Sarıcalı kəndinin təməli qoyulmuş,müxtəlif inrastruktur layihələr, sənaye parkı, “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları və s. təməli qoyulmuşdur. Bu isə öz növbəsində bölgəyə yeni bir nəfəs gətirərək dağıdılmış ərazidə yeni bir mənzərə formalaşdırmışdır. Bundan başqa, oktyabrın 4-ü Ağdama səfər çərçivəsində dövlətimizin başçısı Ağdamda “Park Forest Otel Ağdam” mehmanxanasının təməlini qoydu. Məlumdur ki, son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülüb. Lakin ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. Lakin hər şeyin geridə qaldığına bu gün hər birimiz canlı şahidik. Bu gün Müzəffər Ali Baş Komandanın qətiyyəti və Şanlı Ordumuzun rəşadəti sayəsində artıq işğaldan azad edilmiş bu torpaqlarda bir çox digər sahələr kimi, turizmin inkişaf etdirilməsi üçün də məqsədyönlü addımlar atılır. Eyni zamanda oktyabrın 4-də keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimi olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Ağdam şəhərinin təsdiq edilmiş baş planına uyğun olaraq əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Həmçinin Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər. İlkin konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını etdilər.Onu da deyək ki, Prezident İlham Əliyevin 2022-ci il 14 mart tarixli Sərəncamı ilə bu il Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunduğu nəzərə alınaraq yubiley ilində Mədəniyyət Nazirliyi tərəfindən həmin qəbirüstü abidənin bərpa olunması istiqamətində işlərə başlanılıb.
Ağdam şəhərində 3-cü yaşayış məhəlləsinin tikintisi də davam edir. Ümumi sahəsi 17 hektara yaxın olan ya¬şayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1239 mənzil olacaq. Tezliklə şəhər ərazisində digər yaşayış komplekslərinin tikintisinə də başlanacaq. Ağdam öz müasirliyi və urbanizasiya səviyyəsinə, simasına görə daha çox müasir bir şəhər təəssüratı yaradacaq. Beləliklə, Ağdamın təsdiq olunmuş Baş Planına uyğun olaraq şəhərin mərhələli şəkildə tikintisi davam etdirilir. Aparılan işlər göstərir ki, Ağdam bərpa¬dan sonra regionun sənaye mərkəzinə çevriləcək. Azərbaycan iqtisadiyyatında artım tempini daha da sürətləndirəcək. Eyni zamanda şəhərdə sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Yenidənqurma işləri zamanı milli memarlıq elementlərindən istifadə ediləcək. Sakinlər rahat evlərdə yaşayacaqlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtovağzalın təməlqoyma mərasimində iştirak edib.İki mərtəbə və terrasdan ibarət olmaqla layihələndirilən kompleksə dəmir yolu vağzalı və avtovağzal daxildir. Kompleks vahid nəqliyyat qovşağı şəklində milli arxitektura üslubunda dizayn edilib. Eyni zamanda, kompleksin tikintisində milli ornamentlər əsas götürülməklə, şüşə elementlərdən geniş istifadə olunacaq. Kompleks Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək. Bütün layihələr sözsüz ki, Qarabağımızın bəlli gələcəyinə hesablanmışdır. Bu surətli yenidənqurmalar tezliklə 30 illik Vətən həsrəti yaşayan soydaşlarımızı doğma yurd- yuvalarına qovuşduracaqdır. Düzdür, çətinliklər çoxdur amma bütün bunları reallaşdırmaq Cənab Prezidentin dediyi kimi bu günün vacib məsələsidir. Sonda bunu vurğulamaq lazımdır ki, görülən işlər Qarabağ bölgəsinin çiçəklənməsinə təkan verərərək, bölgənin maddi rifahının yüksəlməsinə şərait yaradacaqdır. Qarabağımızın baş qapısı doğma Ağdamımız əvvəlki gözəlliyinə yenidən qovuşacaqdır!