Nərgiz Rəsulova,
AMEA Gəncə bölməsi Diyarşünaslıq İnstitutu, Tarix şöbəsinin müdiri
Son illər dünyanı narahat edən ən vacib problemlərdən biri iqlim dəyişikliyidir. Bu problemə həsr olunmuş tədbirlərin ən mühümü isə hər il keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransları, yəni COP hesab edilir. COP tədbirləri dünyanın gələcəyi üçün kritik qərarların qəbul edildiyi, siyasi, iqtisadi və ekoloji dialoqun mərkəzində duran bir platformadır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası iqlim sisteminə təhlükəli müdaxilənin qarşısını almaq məqsədilə 1992-ci ildə imzalanmış sazişdir. COP-a sədrlik rotasiya əsasında keçirilir. COP29-un Bakıda keçirilməsi üçün Ermənistan və Bolqarıstanın namizədliklərini geri çəkməsi Azərbaycanın beynəlxalq diplomatiyada artan nüfuzunun və qlobal problemlərin həllində fəal iştirakının birbaşa nəticəsi idi. Qərbin, xüsusilə Kanada, Fransa, Avropa İttifaqının (Aİ) riyakarlığına baxmayaraq, Bakıda baş tutan tədbir COP tarixində ilk dəfə olaraq dünyadakı bəzi dövlətlərin ikiüzlü siyasətini ifşa etdi.
Məlumdur ki, bəşəriyyəti narahat edən bir nömrəli məsələ qlobal istiləşməyə qarşı mübarizə, dünyanın ekoloji böhrandan çıxarılmasıdır. Bunun üçün isə inkişaf etmiş ölkələr tərəfindən müvafiq vəsait ayrılmalıdır. Təəssüflər olsun ki, Paris danışıqlarından bu tərəfə Qərbin bəzi aktorlarının destruktiv fəaliyyəti ucbatından qlobal güclər üçün böyük rəqəm sayılmayacaq vəsaitin inkişafda olan və geridə qalmış dövlətlərə ayrılması mümkün olmayıb. Bu dəfə də COP29 ərəfəsində və tədbirlər zamanı bəzi iştirakçı dövlətlərin tutduğu mövqe qlobal çağırışlarla bağlı onların məsuliyyətsiz və riyakar olduğunu göstərdi. Xüsusən rəsmi Parisin atdığı addımlar XXI əsrdə hələ də neomüstəmləkəçi siyasət aparan dövlətin imicinə daha böyük bir zərbə oldu.
Bəşəriyyət qarşısında duran problemlərin COP29-da həll edilməməsi üçün bəzi mərkəzlər tərəfindən əvvəlcədən sistematik işlər aparılırdı. Hətta, COP29-u gözdən salmaq üçün Fransanın Havas lobbi təşkilatının müxtəlif istiqamətlərdə çoxgedişli addımlar atması haqqında “Intelligence Online” kəşfiyyat agentliyinin məlumatları mövcuddur. Avropada aparılan bu çirkin kampaniya, sammitin neft hasil edən ölkədə keçirilməsinin qəbuledilməz olması arqumentini işə salmış, əlavə olaraq guya insan haqları, ermənilərin zorla köçürülməsi mövzularını gündəmə çıxararaq, müxtəlif ölkələrdən siyasətçiləri Bakıya getməmək üçün razılığa gətirməyə cəhdlər göstərmişlər. Həmçinin Fransa prezidentinin nümayəndələri Aİ-nin daxili strukturlarına, Avropa ölkələrinin, fransızdilli Afrika ölkələrinin hökumətlərinə gizlicə müraciət edərək Bakıda keçirilən COP29 tədbirinin boykot edilməsi üçün çağırışlar etdilər. Makronla bərabər, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Avropa Parlamenti, AŞPA, Qərbin mediaları ilboyu Azərbaycanı ləkələmək, qlobal problemlərin həllinə yönəlmiş konfransın işinə kölgə salmaq üçün əllərindən gələni etdilər. Almaniyanın XİN rəhbəri Annalena Berbok isə Bakıya gəlsə də, vaxtının böyük hissəsini müxalifətlə, siyasi fəallarla görüşlərə həsr etdi, yalnız son gün tədbirə qatılaraq qlobal ekoloji çağırışların onun üçün heç bir maraq kəsb etmədiyini təsdiqlədi. Yuxarıda adları sadalanan beynəlxalq aktorların fəaliyyəti bir daha göstərdi ki, bu dövlətlər üçün qlobal çağırışları həll etmək deyil, əksinə daha da gərginləşdirmək əsas hədəfdir.
COP29-un Bakıda keçirilməsi yalnız ekoloji deyil, həm də geosiyasi baxımdan mühüm bir hadisə idi. Bu tədbir, Azərbaycanın qlobal diplomatiyada artan rolunu, beynəlxalq aləmdəki strateji əhəmiyyətini, Azərbaycanın regional qarşıdurmaları aradan qaldırmaq üçün bir dialoq platforması olduğunu göstərdi. Prezident İlham Əliyevin iqlim məsələlərində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayan çıxışı, tədbirdə iştirak edən liderlərin böyük marağına səbəb oldu. Xarici siyasətindəki balanslı yanaşmanın təzahürü olaraq, həm Şərq, həm də Qərb dövlətləri ilə əməkdaşlıq edən Azərbaycan artıq yalnız neft və qaz ixracatçısı deyil, həm də alternativ enerji mənbələrinə əsaslanan “yaşıl enerji” təşəbbüsləri ilə diqqət çəkir.
COP29-da uzun müzakirələrdən sonra mühüm nəticələr əldə edildi. Yekun plenar iclasda əsas qərarla yanaşı “COP29-un gözəl təşkilinə görə Azərbaycan hökumətinə və Azərbaycan xalqına təşəkkür” adlı qətnamə layihəsi qəbul edildi. Bundan başqa, Bakıda 30 illik ziddiyyətə son qoyularaq, konfrans tarixində ilk dəfə Azərbaycanda İqlim üzrə Paris sazişinin 6-cı maddəsi tam razılaşdırıldı. Azərbaycan, həm tədbirin təşkilatçısı, həm də, başçısı kimi Qlobal Cənub ilə Şimali bir yerə gətirməklə yanaşı, planetar miqyaslı problemlərin effektiv şəkildə müzakirəsinə ev sahibliyini böyük əzmkarlıq və professionallıqla həyata keçirməyə qadir oldu. Bakı, artıq beynəlxalq tədbirlərin mərkəzinə çevrilməklə bərabər, həm də dünyanın qarşılaşdığı ən mühüm problemlərin müzakirə edildiyi bir arena oldu. COP29 konfransı Azərbaycan üçün yalnız iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm bir tədbir deyil, həm də beynəlxalq siyasətdə bir qələbə simvoluna çevrildi və sübut etdi ki, Azərbaycanın mövqeyi təkcə iqtisadi gücə və regional əhəmiyyətə deyil, həm də qlobal siyasətdə oynadığı fəal rola əsaslanır. Bu tarixi hadisə bir daha Azərbaycanın yalnız bir ölkə deyil, qlobal problemlərin həllində mühüm tərəfdaş və lider olduğunu göstərdi. Gələcək nəsillər bu uğuru Azərbaycan xalqının milli qüruru və beynəlxalq nüfuzunun təcəssümü kimi xatırlayacaq.