İslam Həmrəylik Oyunlarında ölkəmizi təmsil edəcək cüdo idman növü üzrə paralimpiyaçıların adları bəlli olub. Siyahıda gəncəli tatami ustası Ramil Qasımovun da adı var. Dünya və Avropa çempionatlarında qızıl medallar qazanan paralimpiyaçı Ramil Qasımov karyerasının ən uğurlu nəticəsinə isə Rio Olimpiadasında imza ataraq fəxri kürsünün ilk pilləsinə qalxıb. Məhz bu nailiyyətləri paralimpiyaçının Bakıda təşkil ediləcək İslam Həmrəylik Oyunlarında 12 nəfərlik heyətdə yer almasında böyük rol oynayıb.
Ramil Qasımov hazırda yığma komandanın tərkibində Gürcüstanın Qori şəhərində məşq edir.Mart ayının 28-dən başlayan və aprelin 11-dək davam edəcək təlim-məşq toplanışı İslam Həmrəylik Oyunlarına hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək keçiriləcək. Cüdoçular isə mayın 13,14 və 15-də tatami üzərinə çıxacaqlar.