Yanvarın 16-20-də İsveçrənin Davos şəhərində 53-cü Dünya İqtisadi Forumunda qlobal məsələlər – iqlim dəyişiklikləri, iqtisadi çağırışlar, ərzaq qıtlığı probleminə qarşı mübarizə kimi mövzular müzakirə olundu. Rəsmi beynəlxalq təşkilat statusunda və beyin mərkəzi formatında həyata keçirilən mötəbər forum çərçivəsində ölkə Prezidentimiz cənab İlham Əliyevin görüşləri, eyni zamanda “Avrasiya Orta dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında qlobal çağırışlara əsaslanan çıxışı dünya ictimaiyyəti tərəfindən maraqla qarşılandı.
Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları, qlobal təşəbbüsləri, dünya dövlətləri arasında tutduğu layiqli mövqe, malik olduğu yüksək status beynəlxalq aləmdə söz sahibi olması dünya dövlətlərinin diqqət mərkəzindədir. Bu gün ölkəmizin region və dünya ölkələrinin ortaq əməkdaşlıq və fayda mərkəzinə çevirilməsi də məhz dövlət başçımızın apardığı siyasətin nəticəsidir. Ölkənin əvəzsiz əhəmiyyətə malik dəniz limanlarının və yollarının yaradılması, dəhlizlər diplomatiyası, dəmir yollarının, inkişaf etmiş milli hava limanı şəbəkəsinin yaradılması Azərbaycanın qısa müddət ərzində keçdiyi böyük inkişaf yolundan, əldə etdiyi çoxsaylı və irimiqyaslı uğurlarından xəbər verir.
Dövlət başçımız Forum çərçivəsində “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında Azərbaycanın enerji və resurslar nəql edən, bütün iştirakçı ölkələrə ortaq fayda gətirə bilən yeni regional konfiqurasiyanı yaratmaq təşəbbüsünə qlobal dəstək verilməsinə diqqət çəkib. Bir daha Azərbaycanın milli maraqlarına, dünya iqtisadi sistemində ölkənin layiqli yerini təmin edilməsinə xidmət edən enerji-nəqliyyat dəhlizlərinin əhəmiyyəti rolunun günü-gündən artması vurğulanıb.
Panel iclasda Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malik olduğunu söyləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, Qərblə Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Əslində, Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır.
Ramil Orucov vurğulayıb ki, “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” adı ilə də tanınan Orta dəhliz Çin-Qazaxıstan sərhədindən başlayır, Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Prezident cənab İlham Əliyev yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrut olan Orta Nəqliyyat Dəhlizi layihəsinin təşviqi və yük daşımalarının artırılması üçün “Dəhlizin rəhbər komitəsinin” təsis olunmasını təklif edib: “Bütün iştirakçı ölkələrin – Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəfdaşların daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturu yaradılmalıdır”.
Yeni dünya düzənində strateji geosiyasi qütbə çevrilən Azərbaycanın bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. “Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır”,- deyə ölkə Prezidentimiz cənab İlham Əliyev qeyd edib.
Azərbaycanın yerləşdiyi region, Asiya və Avropa ölkələrini Xəzər və Qafqaz vasitəsilə birləşdirməsi beynəlxalq yükdaşımalar baxımından böyük əhəmiyyətə malikdir. Bu da Azərbaycanın yükdaşımalarda regional gücünün artmasına müsbət təsir göstərir. Bu gün Azərbaycanın onillər əvvəl uzaqgörənliklə yaratdığı logistik-kommunikasiya sistemi Avropa və Asiya qitələrini birləşdirməsi ölkəmizə böyük iqtisadi və siyasi uğurlar gətirməkdədir.
Ayrı-ayrı qitələri, parçalanmış dünyanı birləşdirməyə həyati ehtiyac duyan qlobal Davos Forumunun gündəmində nəzərlərin Orta dəhlizə – Azərbaycana yönəlməsi bir daha təsdiq etdi ki, müstəqil ölkəmizin strateji hədəfləri, geoiqtisadi strategiyası regiona yalnız sülh və inkişaf gətirəcək – deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov qeyd edib.