Azərbaycan dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında əsas açar rolunu oynayan dövlətlərdən biridir. Bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələlərinin qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarından olan Azərbaycanın iştirakı ilə həll olunması ölkə Prezidenti cənab İlham Əliyevin tam müstəqil siyasətinin, beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin göstəricisidir.
Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, Azərbaycanın qitədə enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması reallığını dünyanın ən qüdrətli dövlətləri belə böyük qürur hissi ilə qəbul edirlər. Tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkməklə yeni rekordlara imza atan müstəqil Azərbaycanın başlatdığı enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir.
Azərbaycanın geosiyasi cəhətdən əlverişli mövqedə yerləşən, bir sıra qlobal iqtisadi layihələrin iştirakçısı olan, bu gün həm regionun, həm də Avrasiyanın strateji əhəmiyyətli bir dövlətinə çevrilən Rumıniya ilə əlaqələri strateji tərəfdaşlıq əsasında yüksək səviyyədə inkişaf edir. Xatırladaq ki, rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub. Hazırda Rumıniya-Azərbaycan enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə əməkdaşlığı ildən-ilə genişləndirir. Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış edərkən iki ölkə arasındakı qardaşlıq, dostluq, tərəfdaşlıq əlaqələrinə də toxunmuşlar.
Bu gün Avropanın enerji təhlükəsizliyini Azərbaycan kimi Rumıniyasız da təsəvvür etmək mümkün deyil. Buxarest eyni zamanda həm enerji mənbələrinin, həm də nəqliyyat marşrutlarının şaxələndirilməsi yolu ilə Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji infrastrukturlarının inkişafına yönəldilmiş proseslərdə fəal iştirak edir.
“Energetika, əlbəttə ki, təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır” – deyə qeyd edən ölkə Prezidentimiz cənab İlham Əliyev Rumıniya-Azərbaycan əlaqələrinin indi yeni mərhələyə qədəm qoyduğunu xüsusi ilə vurğulayıb.
Avropa İttifaqı və NATO kimi təşkilatlarda özünəməxsus söz sahibi olan Rumıniya ilə “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq bir daha təsdiq edir ki, hər iki xalq güclü tarixin sınağından çıxmış dostluq əlaqələri və ortaq dəyərləri ilə bir-birilərinə sıx bağlıdır. Azərbaycan Cənubi Qafqazda qardaş Rumıniyanın ən böyük iqtisadi tərəfdaşıdır.
Azərbaycan-Rumıniya tərəfdaşlığı, birgə beynəlxalq layihələrdə iştirakı Cənubi Qafqazda və Avropada təhlükəsizliyə, sabitliyə və iqtisadi tərəqqiyə möhkəm zəmin yaradır – deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov vurğulayıb.