Azad Bayramov,
YAP Gəncə şəhər təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri, ADAU-nun İctimai fənlər kafedrasının müəllimi
Azərbaycan ordusunun müasir dövrdə də qorunub saxlanılması və inkişaf etdirilməsi ənənələri Ümummilli Liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, ordunun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Ordumuzun tarixi əslində müstəqilliyimizin və suverenliyimizin tarixidir.
Eyni zamanda Ulu Öndər Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələri təhsil sisteminin banisidir. O, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Məhz bu məktəblərdə yetişən cəsur Azərbaycan hərbçiləri Birinci Qarabağ və Vətən müharibələrində misilsiz igidliklər göstərmişlər.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələri quruculuğunda da yeni mərhələnin başlanğıcı olmuşdur. Əlbəttə ki, bu nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəbhədə, Azərbaycan diplomatiyası isə masada faktiki olaraq Zəfəri təmin edərək, qarşıya qoyulan məqsədə nail oldu. Həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Şuşanın azad edilməsi uğrunda apardığı əməliyyatlar dünyanın hərb tarixinə güclü və ən müasir orduların belə ağlına gəlməyən yeniliklər gətirdi. Xüsusilə də işğaldan azad olunan ərazilərdə yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.
Azərbaycan Ordusunda islahatlar prosesi yeni hissələrin yaradılması, xüsusi təyinatlı hissələrdə təlim keçmiş kadrların sayının artırılması kimi təcrübələrlə davam edir. Əksəriyyəti Türkiyədə təlim keçmiş və istənilən müharibə şəraitində xidmət edə biləcək standartlara uyğun hazırlanmış komandolar Azərbaycan ordusunun yeni güclərindən biri kimi göstərilir. Sözsüz ki, bu gün Silahlı Qüvvələrimizin vahid proqram əsasında inkişaf edirilməsi Ali Baş Komandan cənab İlham Əliyevin güclü dövlət strategiyasının nəticəsidir. Bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır. Qafqazda ən müasir və güclü ordu hesab olunan Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları genişlənir. Xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya göstərən ordumuzun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad edilmiş ərazilərimizin mühafizəsi və müdafiəsində “Dəmir yumruq” kimi dayanıblar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərə doğru inamla irəliləyir.