Çinarə Səfərova
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi
19 avqust tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri xüsusi xarakter daşıyır. Rusiya Prezidenti ilə dövlət başçımız İlham Əliyev arasında müxtəlif formatda keçirilən danışıqlarda müzakirə edilən məsələlər və imzalanan sənədlər qarşılıqlı münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Dövlətlərarası münasibətlərin geniş spektri ətraflı müzakirə edildi. Səfər çərçivəsində imzalanan sənədlər münasibətləri dərinləşdirir və yeni imkanlar açır. Ötən ilin sentyabr ayında Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etməsi nəticəsində yaranan yeni şərait də Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni fürsətlər açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Birgə mətbuat konfransında cənab Prezidentimizin dediyi aşağıdakı fikirlər qarşılıqlı münasibətlərdə mövcud vəziyyəti və perspektivləri özündə əks etdirir:“Biz dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Deməliyəm ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər.”
Bu yolun işə düşməsi Azərbaycanın dünya siyasətində rolunu artıracaq, yerini möhkəmləndirəcək, dövlət büdcəsinə əlavə vəsaitlər daxil olacaq, iş yerləri yaradılacaq və insanların rifah halı daha da yaxşılaşacaqdır.
İki ölkə arasında humanitar əməkdaşlıq da genişdir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.
Avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərdən biri olan “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş” bu istiqamətdə əməkdaşlığı daha da intensivləşdirəcəkdir.
Məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edildi. Sözsüz ki, Prezident İlham Əliyevin liderliyində Azərbaycan regionda intriqalar yaradan deyil, birləşdirici, əməkdaşlığa cəlb edən güc dövlətdir. Dövlətimiz heç bir zaman qonşulara qarşı digər ölkələrin əlində alət olmayıb, yalnız milli maraqlarımıza əsaslanan siyasət yürüdüb. Bu siyasət də uğur gətirib. Dövlət başçısı görüş çərçivəsində Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyini dəstəklədiyinə görə Vladimir Vladimiroviçə və Rusiya tərəfinə təşəkkürünü bildirdi. Rusiyanın dəstəyinin müstəsna dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini də vurğulayıb. Vladimir Putinin dövlət səfəri həm də tarixi xarakter daşıyır.Qarşılıqlı münasibətləri daha da dərinləşdirəcək və nəticələri qarşılıqlı fayda verəcəkdir.