“Sabah bizi çox vacib oyun gözləyir”.
Bu sözləri “Qarabağ”ın futbolçusu Marko Yankoviç UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda İsveçin “Hekken” klubuna qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Monteneqrolu yarımmüdafiəçi bildirib ki, rəqib qrupda sonuncu sırada olsa da, matça ciddi yanaşırlar: “Yaxşı hazırlıq keçmişik. Əlimizdən gələni edəcəyik ki, meydandan qələbə ilə ayrılaq”.
O, yağışlı hava şəraitinin komandasına problem yaratmayacağını söyləyib: “Havanın yaxşı və ya pis olmasının bizim üçün önəmi yoxdur. Meydana çıxacağıq və ən yaxşı oyunumuzu göstərəcəyik. Komanda daxilində motivasiya yüksək olsa, nəticə gələcək. Hazırda istənilən rəqibə qarşı oynaya biləcək gücdəyik”.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” matçı saat 21:45-də başlayacaq.