Türkan Əhmədova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Azərbaycan ərazisində uzun illər mövcud olmuş erməni separatizminə son qoyan, suverenliyimizin tam bərpası ilə başa çatan lokal xarakterli antiterror tədbirlərindən bir il ötür. Bu tarix xalqımızın taleyində böyük əhəmiyyətə malikdir. Lokal xarakterli antiterror əməliyyatı dünya hərb tarixində də ən unikal əməliyyatlardan biri hesab edilir.Cəmi 23 saat 43 dəqiqə ərzində Azərbaycan torpaqları üzərində erməni separatçılığına birdəfəlik son qoyuldu. Qəhrəman ordumuzun möhtəşəm qələbəsi ilə yekunlaşan bu əməliyyatla bütün torpaqlarımız üzərində suverenliyimiz təmin edildi.
Bildiyimiz kimi, 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.Artıq 20 sentyabr təqvimdə şanlı tariximizin dönüş nöqtəsi kimi yer alaraq, xalqımız tərəfindən böyük sevinclə qeyd ediləcək.
44 günlük Vətən müharibəsi və antiterror əməliyyatındakı şanlı tarixi qələbələrdən ötən qısa müddət ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılır. Doğma torpaqlarımızda yeni struktur yaradılır, sənaye və digər təyinatlı müəssisələr yaradılır, təhsil, səhiyyə və digər obyektlər açılır. Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncamına əsasən qısa müddət ərzində Qarabağ Universitetində müasir tədris infrastrukturu yaradılıb.
Cari ilin 20 sentyabr tarixində atılan ən böyük addımlardan biri də Qarabağ Universitetinin açılışı oldu. Dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edərək, yaradılan şəraitlə yaxından tanış olmuşdur.Elm və təhsil naziri Emin Əmrullayev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov tərəfindən dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verilib.
Dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.
Sözsüz ki, Qarabağ Universitetinin açılışının məhz belə bir önəmli gündə keçirilməsi heç də təsadüfi deyildir. Bunu Prezident İlham Əliyevin Xankəndi şəhərindəki tarixi çıxışı bir daha sübut edir: “Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina yenidən quruldu. Bu bina sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi”.
Cənab Prezident öz çıxışında əminliklə ifadə edib ki, Qarabağ Universiteti ölkənin aparıcı ali məktəblərindən birinə çevriləcək.
Dövlət başçısının birbaşa diqqətinin nəticəsində bu günQarabağın hər qarışında yeni həyat canlanır və suverenliyi tam təmin olunmuş ərazilərimiz yenidən cənnət məkana çevrilir. Şübhə yoxdur ki, açılışı Dövlət Suverenliyi Günündə baş tutan Qarabağ Universiteti də həm ölkənin, həm də regionun elm və təhsil potensialına əhəmiyyətli dərəcədə təsir edəcəkdir.