2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Gəncə şəhərində seçicilərlə növbəti görüşlər keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Milli Məclisin deputatı Müşfiq Cəfərov, təşviqat qrupunun üzvləri Hüseyn Budaqov, Afaq Qasımova, Asif Həsənov, Namiq Muradov və başqaları çıxış ediblər.
Təşviqat qrupunun üzvləri çıxış edərək, ölkəmizin əldə etdiyi uğurlardan, nailiyyətlərindən danışıb, bildiriblər ki, tarixin son üç ilində Azərbaycan böyük zəfərə imza atdı, xalqımızın möhtəşəm birliyi, qüruru qarşısında erməni mifi birdəfəlik darmadağın edildi. Müzəffər Ali Baş Komandanın qətiyyəti nəticəsində artıq Azərbaycanın hər qarış torpağında şanlı Vətənimizin üçrəngli bayrağı dalğalanır. Azərbaycan xalqı düşmənə bir daha sübut etdi ki, əcdadlarımızdan bizə miras qalan yurd yerlərinin bir qarış torpağına belə heç kəs göz tikə bilməz. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı ölkə rəhbərinin ətrafında ali amal uğrunda “Dəmir yumruq” kimi birləşdi, Vətənə sonsuz sevgi və məhəbbət nümayiş etdirdi. Qazanılan bu böyük Qələbə, Xalq-Prezident-Ordu birliyi Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Bütün dünya Azərbaycanın qüdrətinə, haqq-ədalət uğrunda savaşına, xalqımızın misli görünməmiş qəhrəmanlıq salnaməsinə şahidlik etdi. Məhz bunun üçün də qalib xalqımızın tarixi gündə seçimi Qalib Liderimiz olacaq.
Natiqlər 7 fevral tarixində seçiciləri daha böyük qələbələr naminə Yeni Azərbaycan Partiyasının namizədi Qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Tədbirlər Yeni Azərbaycan Partiyasının Himnin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatıb.