Gəncə şəhər 26 saylı məktəb-liseydə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqə qalibi olmuş “Peşəkar doğulmur, öyrədilir” layihəsinin təqdimatı keçirilib. Tədbirdə Gəncə şəhər Təhsil İdarəsinin nümayəndəsi Saidə Tağızadə, təhsil eksperti, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Layihə rəhbəri Səbahi Nəsibova çıxış edərək layihənin məqsədi və məzmunu haqqında ətraflı məlumat verib. Bildirib ki, dünyamız dəyişir, həm də sürətlə dəyişir. İqlim, infrastruktur, daha müasir texnika və texnologiyaların tətbiqi ilə baş verən dəyişikliklər insanların baxışlarına və davranışlarına da əhəmiyyətli dərəcədə təsir göstərir.
Bu baxımdan bütün sahələrdə və miqyaslarda rəqabətədavamlılıq getdikcə daha da çətinləşir və daha çox səriştə, daha çox peşəkarlıq tələb olunur. Bunun üçün bütün sahələrdə səriştəli və peşəkar şəxslərin olması vacib şərtdir. Qeyri-peşəkarlıq olan yerdə risklər nə qədər çox və tədbirlərin görülməsi çətindirsə, peşəkarlıq olan yerdə bir o qədər az və asandır.
Digər çıxış edənlər də qalib layihənin aktual mövzuya həsr edildiyini qeyd ediblər.