Çinarə Səfərova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi
Dövlət başçımız fövqəladə şəraitdə ideal və qətiyyətli davranış göstərdi, ortaya konkret mövqe qoydu.
2024-cü il dekabrın 29-da Cənab Prezidentimiz İlham Əliyev və Mehriban xanım Əliyeva Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasiminə gəldilər. Ailə üzvlərinə başsağlığı verdilər. Ağır gündə yenə də millətimizin yanında oldular.
Qəza baş verdiyi 25 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəsmi səfərini təxirə salaraq xalq ilə həmrəylik nümayiş etdirmişdir. Bununla da Azərbaycan dövlətinin vətəndaşlarının təhlükəsizliyini və milli maraqlarını hər şeydən üstün tutduğunu bir daha göstərmişdir.
Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına baş verən hadisə ilə əlaqədar ətraflı müsahibə verib. Prezident İlham Əliyev hadisə barədə məlumat aldıqdan sonra dərhal operativ tədbirlər gördüyünü, Dövlət Komissiyasının yaradıldığını və müvafiq qurumların nümayəndələrinin hadisə yerinə ezam edildiyini bildirib. Ökə başçımızın Azərbaycan Televiziyasına müsahibəsində dedikləri baş vermiş faciədə dövlətimizin mövqeyinin nə qədər mükəmməl və digərlərinə örnək olduğu, dövlət və hökumət qurumlarının necə dəqiq çalışdığını bir daha göstərdi. Dövlət başçımız fövqəladə şəraitdə ideal və qətiyyətli davranış göstərdi, ortaya konkret mövqe qoydu, qəza hadisəsi haqqında gerçəkləri üzə çıxarmaqdan ötrü dəqiq təlimatlarını verdi. Bütün dünya və millətimiz video və fotomaterialları gördülər.Dövlət başçısı qəzanın gerçək səbəbinin ört-basdır edilməsinə imkan vermədi, ədaləti müdafiə etdi. Dövlət başçısı təyyarənin Rusiya hava məkanında xarici müdaxilə nəticəsində zədələndiyini və idarəetməni itirdiyini vurğulayıb, həmçinin Rusiya tərəfinin ilkin olaraq hadisəni ört-basdır etməyə çalışdığını, lakin Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində həqiqətlərin üzə çıxdığını qeyd edib. Azərbaycan dövlətinin tələblərinin rəsmi şəkildə dekabrın 27-də Rusiya tərəfinə çatdırıldığını ölkə rəhbəri belə ifadə etdi: “Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək.” Azərbaycan rəhbərinin qətiyyətli mövqeyi öz nəticəsini verdi. Rusiya dövləti ilk addımını atdı, Vladimir Putin üzr istədi.
Dövlət başçısı qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib və ekipaj üzvlərinin peşəkarlığını yüksək qiymətləndirib. O, həmçinin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə və qazax xalqına göstərdikləri dəstəyə görə təşəkkür edib.