Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ikinci yarısına start verilib.
XIX turun açılış oyununda “Kəpəz” “Qəbələ”ni qəbul edib. Gəncə şəhər stadionunda keçirilən qarşılaşma heç-heçə ilə başa çatıb – 2:2.
Hesabı 18-ci dəqiqədə meydan sahibləri açıblar. Aymed Ayzaya penaltidən fərqlənib. “Kəpəz” 2-ci qolu 11 metrlik cərimə zərbəsindən vurub. Bu dəfə yeni transfer Martins Junior 42-ci dəqiqədə adını tabloya yazdırıb. “Qırmızı-qaralar” 63-cü dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Ruan Renato künc zərbəsindən ötürməni başla qapıdan keçirib. Son nöqtəni isə 79-cu dəqiqədə Ülvi İsgəndərov qoyub.
Bu nəticədən sonra xallarını 26-ya çatdıran “Qəbələ” 5-ci pillədəki mövqeyini qoruyub. 13 xalı olan “Kəpəz” isə 7-ci sıraya yüksəlib.
Qeyd edək ki, XIX turun “Turan Tovuz” – “Qarabağ”, “Zirə” – “Sumqayıt” matçları yanvarın 25-də, “Şamaxı” – “Səbail” və “Sabah” – “Neftçi” görüşləri isə yanvarın 26-da keçiriləcək.