Göyöskürək hava-damcı yolu ilə yayılan kəskin bakterial infeksiyadır, xarakterik əlaməti spazmatik öskürəkdir. Daha çox 1-10 yaşında olan uşaqlarda rast gəlinir. Ona yoluxan uşaqların xəstəxanalarda, böyüklərin isə ev şəraitində müalicə almağı məsləhət görülür.
AZƏRTAC xəbər verir ki, bunu həkim-pediatr Türkay Nəcəfova deyib.
O qeyd edib ki, göyöskürəkdən qorunmağın ən etibarlı yolu peyvənd olunmaqdır. Peyvənd altı xəstəlikdən – difteriya, göyöskürək, hemofil influenza, teteanus, hepatit B və poliemielitdən qoruyur, yerli reaksiya az olur, nadir hallarda temperatur yüksəlmələri olur.
Göyöskürəyə yoluxan uşaqların yaşı nə qədər az olarsa, xəstəliyin ağırlıq dərəcəsi də bir o qədər çox olur. Bunun səbəbi azyaşlılarda tənəffüs sisteminin yaxşı inkişaf etməməsidir.
Göyöskürəyə yoluxma əlamətlərinin müəyyən edilməsi barədə məlumat verən həkim-pediatr Aytən Əhmədova isə deyib: “Göyöskürək əvvəlcə yuxarı tənəffüs yollarının xəstəliyi kimi başlayır, burun axıntısı, gözlərdə sulanma, qızartı əlamətləri və asqırma müşahidə edilir. Göyöskürəkdə temperatur yüksəlməsi olmur, yüngül hərarət müşahidə edilir. Öskürək tədricən başlayır, iki həftə inkubasiya dövrü olur, müalicəsi üç aydan altı ayadək uzana bilər. Günün istənilən saatlarında öskürək baş verə bilər, daha çox gecə saatlarında və səhərə yaxın narahatlıq yaradır”.
Xəstəliyin törədicisi bakteriyalar olduğuna görə müalicəsi yalnız antibiotiklərlə aparılır. Həkimlər isə valideynlərə uşaqları həmin viruslardan qorumaq üçün vaxtlı-vaxtında peyvənd edilməyi məsləhət görürlər.