Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Bakı şəhərində Azərbaycan Milli Elmlər Akademiyasında beynəlxalq elmi konfransda iştirak etmək üçün gələn Nizami Gəncəvi irsinin tədqiqatçısı, Pakistan Respublikasının Lahor GC Universiteti Udru dili və ədəbiyyatı bölməsinin dosenti, “Təhqiq Namə” (Tahqeeq Name) elmi araşdırmalar jurnalının icraçı redaktoru, “Təxliqi Müqərrər” elmi araşdırmalar jurnalının redaktoru, Lahor GC Universitetinin “Məclisi İqbal” (Majilis İqbal) ədəbi məclisinin rəhbəri doktor Safeer HydarFəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Gündüz Süleymanovun müşayiəti ilə Gəncə şəhərinə qonaq gəlmişdir.
Səfərin məqsədi Azərbaycanın qədim və zəngin mədəniyyətini, tarixini qonaqlara əyani şəkildə göstərmək və dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərə kompleksini ziyarət etmək olub.
Səfər dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin məzarı üzərində ucalan məqbərəsinin ziyarəti ilə başlayıb. Qonaqları AMEA-nın Gəncə Bölməsinin sədrinin müavini Rasim Tağıyev, Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı qarşılayıblar.
F.ü.f.d. Əlimuxtar Muxtarov pakistanlı qonağa dahi şairin zəngin bədii irsi, onun milli kimliyi barədə ətraflı məlumat, o cümlədən Azərbaycanda dövlət səviyyəsində Nizami Gəncəvi irsi ilə bağlı görülən işlərdən, aparılan tədqiqatlardan, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dahi mütəfəkkirin şəxsiyyəti, yaradıcılığı ilə bağlı həyata keçirdiyi xidmətlərdən, keçən əsrin 80-ci illərində 840 illik yubileyinin keçirilməsinə nail olmasından ətraflı söhbət açıb.
Mərkəzin direktoru eyni zamanda müasir Azərbaycan nizamişünaslığının dünya dünya nizamişünaslığı səviyyəsinə yüksəlməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi tarixi fəaliyyətlər kontekstində dahi mütəfəkkirin 870, 2021-ci ilin Azərbaycanda Nizami Gəncəvi ili elan edilməsi haqqında qonağa məlumat verib. Alim qonağın nəzərinə çatdırıb ki, Ölkə Rəhbərinin 2012-ci ildə imzaladığı Sərəncamla fəaliyyətə başlayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Preidentin himayəsi altında 20123-cü ildən həyata keçirdiyi Qlobal Bakı Forumları, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Gəncədə əzəmətli Nizami Gəncəvi Muzeyinin inşa edilməsi, “Xəmsə” sinin nəfis şəkildə çap edilməsi, dünya ölkələrində abidələrinin ucaldılması, Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin fəaliyyət göstərməsi, müəssisə və təşkilatlarda fundamental monoqrafiyaların nəşr edilməsi, beynəlxalq konfransların keçirilməsi Azərbaycanda dövlət səviyyəsində Nizami Gəncəvi irsinə olan diqqətin, sevginin, qayğının təzahürüdür.
Daha sonra qonaqlar Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşlarının müşayiəti ilə böyük şairin atası Yusifin və anası Rəisənin məzarlarını, Nizami Gəncəvinin məqbərəsi önündə Heydər Əliyev Fondu tərəfindən inşa edilən Nizami Gəncəvi muzeyini ziyarət ediblər.
Səfər çərçivəsində həm də “İmamzadə” Dini Kompleksi, şəhərin müxtəlif tarixi abidələri ziyarət olunub, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzində aparılan tədqiqat işləri haqqında qonağa məlumat verilib.
Sonda dosent Safeer Hydara Gəncə ilə, Nizami Gəncəvi ilə bağlı hədiyyələr təqdim edilib.