Müstəqil Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyəti, ölkənin qadın hərəkatının önündə getməsi hər bir Azərbaycan qadınına örnək olub.
Bunu millət vəkili Pərvin Kərimzadə “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu” mövzusunda keçirilən dəyirmi masada bildirib. Millət vəkili qeyd edib ki, bütün sahələrdəki məqsədyönlü fəaliyyəti ilə uğur rəmzinə çevrilən Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn çoxşaxəli fəaliyyəti cəmiyyətdə milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında mayaka çevrilib. Tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə seçilən qadınlarımız Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda qadın hərəkatının geniş vüsət almasından ruhlanaraq elmi, ədəbi-bədii, humanitar sahələrlə yanaşı ictimai-siyasi sahədə də fəallıqlarını artırıblar. Bu gün qadınlarımızın müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatında getdikcə artan rolu və mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır. Müstəqiliyimizin ilk illərində cəmiyyətdəki mürəkkəb ictimai-siyasi, sosial-iqtisadi, mənəvi problemlərin burulğanına düşən fədakar, mübariz qadınlarımız o illərdə yaşanan sıxıntılara rəğmən bu gün öz sözünü deməyi bacarır, ölkədə gedən proseslərin önündə gedən qüvvəyə çevrilərək müstəqil dövlətimizin inkişafı, tərəqqisi istiqamətində dəstəklərini bir an belə əsirgəmirlər.