15 İyun – Milli Qurtuluş Günü Zəfər çalmış xalqımız üçün ikiqat bayramdır. Bu tarixi Azərbaycanın müasir dövlətçiliyinin təməlinin qoyulduğu və iki qardaş ölkənin dövlət rəhbərləri – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad Şuşada müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə imza atdıqları gün kimi qeyd edirik.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, çağdaş tariximizə yazılan bu gündə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından mətinliklə çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail oldu. Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin möhkəmlənməsində əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyev dövlətimizin varlığını qorudu, müstəqilliyimizi əbədi, dönməz etdi. 2021-ci ilin iyun ayının 15-də torpaqlarımız işğaldan azad edildikdən sonra tariximizin şanlı səhifəsi olan Milli Qurtuluş Günündə Azərbaycan və qardaş Türkiyə əməkdaşlığı yeni uğura imza atdı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisi oldu. Diplomatiya tariximizin ən mühüm sənədlərindən biri olan Şuşa Bəyannaməsi bütövlükdə Azərbaycanın, ümumilikdə isə regionun təhlükəsizliyinin zəmanəti qismində çıxış etdi.
Pərvin Kərimzadə onu da qeyd edib ki, Azərbaycan xalqı iftixar hissi ilə 15 iyunda, Milli Qurtuluş Günündə iki qardaş ölkə arasında Müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının ildönümünü qeyd edir.
İki qardaş xalqın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarının əks olunduğu Şuşa Bəyannaməsi ilə müstəqil Azərbaycan dövləti regionda yeni geosiyasi konfiqurasiya yaratdı. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etdi. Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı.
Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edən Bəyannamə ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Tarixi sənəd eyni zamanda, əhatəli sülhə və inteqrasiyaya yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır, əraziyə yeni sərmayə qoyuluşuna şərait yaradır, regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olub.
Qürurverici haldır ki, bu gün regionun və dünyanın ən aparıcı söz sahibi olan ölkələrindən olan Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi isə regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə xidmət edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir, regionda yaşayan bütün xalqların inkişafı üçün geniş imkanlar açır. Yeni qlobal reallıqda Azərbaycan və Türkiyənin beynəlxalq güc mərkəzləri kimi tanınması, hər iki dövlətin bir-birinə arxa-dayaq olması hər iki qardaş ölkəni regionda böyük gücə çevirir.
Məhz bunun üçün də Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin daha geniş strateji səviyyəyə yüksəldiyini, bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlıq olduğunu xüsusi vurğulayır və “Bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”, – deyir.