– Pərvin xanım, fevralın 7-də keçiriləcək prezident seçkilərinin mühüm mərhələsində – seçkiqabağı təşviqat kampaniyası dövründəyik. Əvvəlcə Azərbaycanda seçki mühitini dəyərləndirməyinizi xahiş edirik…
– Ümumiyyətlə, seçkilər demokratik dövlətlərin, xalqların inkişaf tarixində çox mühüm rola malikdir. Seçkilər həm əvvəlki dövrün hesabatının aparılması, əldə olunan nəticələrin təhlil edilməsi baxımından əhəmiyyətlidir, həm də dövlətin qarşıdakı dövrdə inkişaf paradiqmalarının müəyyənləşdirilməsində böyük önəm kəsb edir. Bu baxımdan, Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkilərinin ölkəmizin demokratik inkişafı yolunda növbəti parlaq səhifə olacağını deməyə ciddi əsaslarımız var.
Ölkəmizdə seçkiöncəsi vəziyyət də kifayət qədər normaldır. Azərbaycan dövləti bu seçkilərin beynəlxalq standartlara uyğun demokratik şəraitdə keçirilməsi üçün lazımi şəraiti yaradıb. Seçkilərə ictimai maraq yüksək səviyyədədir. Hər bir namizəd üçün azad rəqabət şəraiti təmin olunub. Seçki prosesləri tam qanunvericiliyə uyğun həyata keçirilir. Ümumiyyətlə, Azərbaycan seçkilərin demokratik təşkili sahəsində zəngin təcrübəyə, mütərəqqi və beynəlxalq standartlara cavab verən təkmil qanunvericilik bazasına malikdir.
Seçkilərlə bağlı başqa bir diqqət çəkən məqam ondan ibarətdir ki, prosesə ciddi beynəlxalq maraq müşahidə olunur. Bu da bir neçə amillə əlaqədardır. Əvvəla, bu seçkilər regionda kifayət qədər strateji mövqeyə sahib olan, həmçinin beynəlxalq münasibətlər sisteminin güclü aktoru kimi çıxış edən Azərbaycanın gələcək dövrdəki inkişafının əsas istiqamətlərini müəyyənləşdirəcək. Eyni zamanda, bu seçkilərin nəticələri regionun inkişafı baxımdan da əhəmiyyətlidir.
– Yeni Azərbaycan Partiyası prezident seçkilərində partiyanın Sədri, dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürüb. YAP seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz. Sizcə, seçkilərlə bağlı ümumi ictimai rəy nədən ibarətdir?
– Əminliklə deyə bilərik ki, partiyamızın prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürməsi xalqımızın istək və arzularından irəli gəlir. Biz təbliğat və təşviqat kampaniyası dövründə insanlarla görüşür, onların rəylərini, fikirlərini öyrənirik. Bundan əvvəl də ictimaiyyətlə görüşlərdə müşahidə etdiklərimiz, cəmiyyətin əhval-ruhiyyəsi açıq şəkildə göstərir ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının bu qərarı Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin mövqeyini və iradəsini ifadə edir. Vətəndaşlarımızın Prezident İlham Əliyevlə bağlı söylədikləri xoş sözlər bir daha partiyamızın qərarının nə qədər yerində və obyektiv olduğunu sübuta yetirir.
Azərbaycanın inkişafının təməlində Heydər Əliyev siyasəti dayanır. Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edərək müstəqlliyimizin dönməzliyini təmin etdi və ölkəmizi inkişaf yoluna çıxardı. Bütövlükdə, Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında xidmətləri misilsizdir. Azərbaycan xalqı bu xidmətlərinə görə Heydər Əliyevə əbədi olaraq minnətdardır və Onun müəyyənləşdirdiyi yola sadiqdir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızın Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə etimad göstərməsi məhz bu reallığın bariz göstəricisidir.
Bu gün hər bir vətəndaş dərk edir ki, Azərbaycanın əzəmətli inkişafı birbaşa Prezident, YAP-ın Sədri İlham Əliyevin adı və həyata keçirdiyi düzgün siyasətlə bağlıdır. Çünki dövlət başçısı İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib. Son 20 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb. Dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların rifahı yaxşılaşıb. Prezident İlham Əliyevin xalqa verdiyi bütün vədlər real həyatda öz əksini tapıb. Bu müddətdə Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşların sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. 2003-cü ildən inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanın ötən 20 illik şanlı və zəngin tarixi bizim üçün qürur mənbəyidir.
Ali Baş Komandanın uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu ən müqəddəs vəzifənin yerinə yetirilməsinə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinə nail olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman ordumuzun gücü və xalqın birliyi ilə Zəfərlə sona çatdı. O zaman İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoyduq. 2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi zərurətdən irəli gəlib. Həmçinin ötən il sentyabrın 20-də şanlı ordumuz Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyini tam təmin etdi. Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin Liderliyi ilə ərazi bütövlüyünə və suverenliyinə qovuşdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Eyni zamanda, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı.
Hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində möhtəşəm işlər həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi hazırda əsas missiyası düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın doğma yurda qaytarılmasıdır. Tarixi Zəfərlər nəticəsində yaradılmış yeni reallıqlar Qarabağın və Şərqi Zəngəzurun bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tezliklə reallaşacağını deməyə əsas verir. Bütün bunlara görə insanlar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini məhz bu reallıqları dərk edərək, həmçinin digər tarixi nailiyyətlər fonunda dəyərləndirirlər.
– Sadaladığınız faktlar, həqiqətən, Azərbaycanın son 20 il ərzində yüksək inkişaf göstəricilərini ifadə edir. Son olaraq seçicilərə nə demək istərdiniz?
– Əlbəttə, inkişaf davamlı bir prosesdir və zaman dəyişdikcə, qarşıya yeni vəzifələr, yeni hədəflər çıxır. Azərbaycanın da gələcək perspektivdə yeni və daha möhtəşəm hədəfləri, çox böyük planları var. Bu hədəflər dövlətimizi daha güclü etməklə inkişafın yeni mərhələsinə çatdırmaq, insanların rifahını daha da yüksəltmək və beləliklə, Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında yer almasını təmin etməkdən ibarətdir. Bu əzəmətli zirvələri isə xalqın etimadını doğrultmuş, milli maraqları və dövlət mənafeyini cəsarətlə qoruyan bir Liderlə fəth etmək olar. O Lider isə, şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevdir.
Dövlət başçısının dediyi kimi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası müasir tariximizdə yeni dövrün başlanğıcıdır. Yeni dövrdə yeni hədəflərimiz var. Bu hədəflərə məhz qalib xalqın qalib Lideri İlham Əliyevin rəhbərliyi ilə çatmaq mümkündür. Ona görə də mən bütün seçiciləri konstitusion hüquqlarından istifadə edərək Azərbaycan dövlətinin gələcək inkişafı naminə çox mühüm əhəmiyyət kəsb edən bu seçkilərdə fəal iştirak etməyə, fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza böyük Qələbələr və uğurlar qazandıran cənab İlham Əliyevə səs verməyə çağırıram. Biz inanırıq ki, Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevi dəstəkləyərək ölkəmizin daha da güclənməsinə səs verəcək. Bununla həm də xalqımızın, dövlətimizin daha parlaq gələcəyinə səs vermiş olacağıq. Cənab İlham Əliyevi dəstəkləmək möhtəşəm nailiyyətlərin davamlı olmasına, iqtisadiyyatımızın daha da inkişafına, növbəti Qələbələrimizə səs vermək deməkdir.
yap.org.az