“Sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı ustad sənətkara dövlətimizin ehtiramının nümunəsidir. Aşıq Ələsgər elə bir məktəb yaradıb ki, bu məktəb əsrlərdən əsrlərə ötürülür, yaşayır və yaşadılır. Dövlətimiz hər zaman Aşıq Ələsgər yaradıcılığına böyük önəm verib. Böyük ustadın yaratdığı ədəbi nümunələr orta və ali məktəblərdə tədris olunur, bu mövzuda müxtəlif səviyyəli tədbirlər keçirilir. Hələ sovetlər dönəmində – 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilib, bu yubiley münasibətilə onun doğulduğu Ağkilsə kəndində abidəsi ucaldılmışdı. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayarkən ermənilər tərəfindən həmin abidə vandalizmə məruz qalıb. Üç il əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyev Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki sərəncam imzalamışdı. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu və bu məsələ də artıq reallığa çevrildi. Aşıq Ələsgərin abidəsinin açılışında Prezident İlham Əliyevin şəxsən iştirak etməsi böyük ustadın yaradıcılığına dövlət səviyyəsində verilən qiymətdir.
Millət vəkilinin sözlərinə görə, abidənin açılış mərasimində Prezident İlham Əliyev dərin məzmunlu nitq söyləyib. Cənab Prezidentin dediyi kimi, Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük. Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşayıb, yaradıb, ömrünün son illərində isə öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdu. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası idi. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdü. Lakin 3 il sonra yenidən Göyçəyə qayıdıb. Hansı ki, erməni təhlükəsi bitməsə də, o, doğma yurduna geri dönüb. Azərbaycanlılara qarşı 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş verib. Dövlət başçısının dediyi kimi, iki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdıb. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Vətən sevgisi bunu deməyə əsas verir. O torpaqlar unudulmayıb və unudulmayacaq, həmin torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar. Biz bu reallığa Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsinə şahid olduq. Vətən müharibəsində o torpaqlar üçün döyüşən gənclərin əksəriyyəti torpaqlarımızın işğalından sonra dünyaya gələn gənclər idi. Bu fakt Qərbi Azərbaycana da qayıdışı şərtləndirən amillərdən biridir.
Pərvin Kərimzadə qeyd edib ki, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir. Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi qəbulolunmazdır. Ermənistandan azərbaycanlıların qovulması nəinki tarixi faktdır, eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, tarixi torpaqlarımızdan xalqımızın irsini məhv etməsi, tarixi abidələrimizi dağıtması cinayətdir. Məlumdur ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – Qayıdış Konsepsiyasını qəbul edilib. Konsepsiyada qayıdışla bağlı əsas məqsəd və prinsiplər müəyyən edilib.
“Biz inanırıq ki, gec-tez tarixi ədalət bərpa olunacaq, Qərbi azərbaycanlılar tarixi yurdlarına dönəcəklər. Dövlətimizin başçısının dediyi kimi, gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və onun doğulduğu Ağkilsə kəndində də mərasimlər keçirəcəyik. Azərbaycan xalqı olaraq sözü imzası qədər dəyərli olan Prezidentimizin bu fikirlərinin də gerçəyə çevriləcəyinə əminik!”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.