Pərvin Kərimzadə,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Bu gün respublikamızın bütün guşələrində Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü böyük coşğu və təntənə ilə qeyd olunur. Xalqımızın böyük öndərimizə sonsuz məhəbbətinin ciddi əsasları var. Çünki Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri misilsizdir. Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayan böyük dövlət xadimi hələ sovetlər dönəmi olan 1969-1982-ci illərdə milli ruhun və azərbaycançılığın sovet ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almaqla onun dirçəldilməsi istiqamətində mühüm işlər görmüşdü. Nəticə etibarilə Azərbaycan xalqı müstəqilliyinə qovuşdu, Heydər Əliyev müstəqilliyimizin memarı kimi milli dövlətçilik tariximizə öz möhürünü vurdu.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin haqq səsini bütün dünyaya çatdırdı, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratdı, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirdi, adını qızıl hərflərlə bəşəriyyət tarixinə yazdırdı. Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ümummilli Liderin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətin həyata keçirilməsi nəticəsində mümkün oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dövr yüzilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilib. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni həyatın elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın.
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim milli maraqlarımızın, milli-mənəvi dəyərlərimizin qorunmasına çalışıb. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Böyük öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: “…Biz öz milli- mənəvi dəyərlərimizi, adət- ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Digər vacib bir məqam isə ölkəmizin dünyaya inteqrasiya şəraitində milli maraqlarımızın, milli dəyərlərimizin qorunmasıdır. Müstəqilliyimizin ilk illərində Avropaya inteqrasiya prosesində cəmiyyətimizi düşündürən əsas məsələlərdən biri də bəşəri dəyərlərin, Avropa dəyərlərinin milli maraqlarımıza və dəyərlərimizə mənfi təsir edib-etməməsi ilə bağlı idi. Burada biz məsələyə Heydər Əliyevin dahiyanə yanaşmasını nümunə göstərə bilərik. iUlu Öndər Heydər Əliyev gənc dövlətimizin bəşəri və Avropa dəyərlərinə münasibətini belə ifadə etmişdi: “1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. Azərbaycan yalnız son 10 ildə deyil, tarixin son iki əsri ərzində ardıcıl olaraq Avropaya, Qərb mədəniyyətinə, ümumbəşəri dəyərlərə can atmışdır. Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə yerləşən Azərbaycan dinlərin, tarixlərin və mədəniyyətlərin qovuşduğu mərkəzə, iki qitə və iki sivilizasiya arasında körpüyə çevrilmişdir. Azərbaycan xalqı öz Şərq köklərindən ayrılmayaraq, Qərb sivilizasiyasının sintezinə əsaslanan nadir bir mədəniyyət yaratmış, Qərbin mütərəqqi dəyərlərini Qafqazda, Yaxın və Orta Şərqdə yaymışdır. Məhz Avropa ilə sıx və məqsədyönlü təmasının nəticəsidir ki, XIX əsrin ortalarından başlayaraq müsəlman Şərqində ilk qəzeti, ilk Avropa tipli məktəbləri, ilk teatrı, ilk yenilikçi ədəbiyyatı və ictimai fikri, nəhayət, demokratik respublika tipli ilk dünyəvi dövləti 1918-ci ildə Azərbaycan xalqı yaratmışdır… 1991-ci ildə dövlət müstəqilliyi qazanan Azərbaycan birmənalı şəkildə Avropaya, onun humanist və demokratik dəyərlərinə inteqrasiya yolu tutdu. Tarixən çox qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq, çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik”. Ulu Öndərimiz çıxışında milli maraqlarımızın və dəyərlərimizin qorunması şəraitində Avropaya intenqrasiya prosesinin davam etdiriləcəyini bəyan etmişdi.
Bu gün Heydər Əliyev yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətində milli maraqlarımızın və dəyərlərin qorunması başlıca yer tutur. Daha dəqiq desək, milli maraqlar və dəyərlərimiz dövlət siyasətimizin qırmızı xəttidir. Ötən illərin təcrübəsi göstərir ki, müəyyən beynəlxalq güclər “bəşəri dəyərlər”, “Avropa dəyərləri” adı altında müxtəlif zərərli tendensiyaları cəmiyyətimizə ixrac etməyə çalışıblar. Lakin milli maraqlarımızın qorunması naminə belə zərərli halların cəmiyyətimizə sirayət etməsinin və kök salmasının qarşısı qətiyyətlə alınıb, bu gün də alınmaqdadır. Məhz milli maraqlarımızın qorunmasının nəticəsidir ki, dövlətimiz keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü məsələsində heç bir güzəştə getmədi. Nəticədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə xalqımızın sarsılmaz birliyi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.
Ulu Öndərin zəngin mənəvi irsini, onun ideyalarını gənc nəsillərə aşılamaq, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək bu il yaranmasının 20 illiyini qeyd edən Heydər Əliyev Fondunun fəaliyyətinin də əsas qayəsini təşkil edir. Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Ulu Öndərin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq baxımından genişmiqyaslı fəaliyyət göstərir. Məhz Fondun misilsiz xidmətləri nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, milli maraqlarımız və dəyərlərimiz yüksək səviyyədə təbliğ edilir. Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər Əliyev irsi milli maraqlarımızla bəşəri dəyərləri vəhdət olaraq özündə ehtiva edir. Ulu Öndərimizin zəngin irsi bundan sonra da bütün nailiyyətlərimizin fövqündə dayanacaq!