“Beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslər türk dövlətləri arasında güclü birliyi aktuallaşdırır. Hazırkı mərhələdə türk dövlətləri və xalqları ilə münasibətləri dərinləşdirmək Azərbaycanın xarici siyasətində prioritetdir. Sovetlər ittifaqı dağılandan sonra Ulu Öndər Heydər Əliyev türk dövlətləri və xalqları arasında münasibətlərin qurulması və inkişafı üçün böyük xidmətlər göstərib. Məhz Ulu Öndərimizin təşəbbüsü ilə türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi ənənəsinin əsası qoyuldu. Bu gün Prezidentimiz cənab İlham Əliyevin siyasəti nəticəsində də qardaş türk dövləti arasında münasibətlər əhəmiyyətli dərəcədə genişlənib”.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, artıq bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının yaranması, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Türk dövlətlərinin bir sıra təşkilatları da yaradılıb ki, bu da ümumi işimizə töhfələr verir. Bu təşkilatlardan biri də Türk Dövlətləri Parlament Assambleyasıdır (TÜRKPA). İyunun 5-6-da Milli Məclisin ev sahibliyi ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA-nın) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunan 13-cü Plenar İclası çərçivəsində bir sıra tədbirlər keçirilib ki, bu amil türk birliyinin daha da güclənməsində parlamentlərin rolunu artırır. Tədbirdə TÜRKPA-ya üzv ölkələrin parlament spikerlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən TÜRKPA-da müşahidəçi üzvlərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Millət vəkilinin sözlərinə görə, iyunun 6-da Prezident İlham Əliyev TÜRKPA-nın 13-cü plenar iclasının iştirakçılarını qəbul edərək türk birliyi haqqında mühüm mesajlar verib. Dövlətimizin başçısının “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikri Azərbaycanın türk birliyinə verdiyi mühüm önəmin göstəricisidir. Həqiqətən də, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir. Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcəyini deyən Prezident İlham Əliyevin fikrincə, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət deyil. Çünki həm davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Şuşada təşkil olunacaq Zirvə görüşünün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Bütövlükdə, Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Mədəniyyətimizin beşiyi olan Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və şəhərdə sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri də Şuşaya səfərlər ediblər. Cənab Prezident çıxışında Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılmasının önəmindən də bəhs edib. Çünki burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Hazırkı dövrdə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Bundan əlavə, iqlim məsələlərinin bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biri olduğu diqqətə çatıdırılıb. Bunun nümunəsi olaraq ölkəmiz bu il COP29 konfransına ev sahibliyi edəcək. Dövlətimizin başçısının dediyi kimi, bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcək.
Pərvin Kərimzadə qeyd edib ki, türk dövlətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak edirlər. Həmin torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməli isə Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir yaşayış məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə məktəb inşa ediləcək. Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır. Bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Beləliklə, işğaldan azad edilmiş torpaqlarımızda da Türk dünyasının birliyini əyani şəkildə görürük. Bütün bunlar qürurvericidir.