“Parlaq zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin başlandığı 27 sentyabr 2020-ci il tarixindən dörd il vaxt keçir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə edilmiş gənc nəsil olan yerdə heç bir qüvvə qarşımızda dura bilməz. İllərdir həllini gözləyən tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı ərazi bütövlüyünə, suverenliyinə birliyimizin gücü ilə nail oldu. 44 günlük Vətən müharibəsinin möhtəşəm tarixi, xalq-dövlət-ordu birliyi Azərbaycan cəmiyyətinin unikal monolitliyə malik olduğunu təsdiq etdi”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış ifrat millətçilik üzərində qurulmuş daşnaksutyun siyasəti, “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.
Soydaşlarımıza qarşı soyqırımlar törədən erməni millətçiləri Azərbaycan torpaqlarının 20%-ni işğala məruz qoymuşdular. Başlıbel, Ağdaban və Baqanis-Ayrım qətliamları – ermənilərin yürütdüyü faşizm siyasətinin bariz nümünələridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə ən dəhşətli və ağlasığmaz üsullarla, misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı bəşər tarixinə erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izi kimi həkk olunub. Xüsusi qəddarlığı ilə seçilən Xocalı qətliamında 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.
Millət vəkilinin sözlərinə görə,bütün beynəlxalq hüquq normalarını tapdalamaqla həyata keçirilmiş bu vandalizm aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməli idi. 30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün olaraq yaşamağa məcbur olmuşdur. Bu illər ərzində işğal altında olan ərazilər dağıdılmış, erməni barbarlığı və vandalizmi ilə üz-üzə qalmışdı. Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında maddi və mədəniyyət abidələrini məhv və talan etmək siyasəti yürüdürdü. Erməni vandalları işğal etdikləri ərazilərimizdəki yeraltı və yerüstü sərvətləri talamaqla yanaşı, maddi mədəniyyət nümunələrini yox edirdilər.
Hər zaman Azərbaycan sülh danışıqlarına sadiq qalıb, münaqişənin hər iki tərəfdən itkilərə yol vermədən həlli üçün bütün mövcud imkanları dəyərləndirməyə çalışıb. Amma gedən proseslər belə bir həqiqəti ortaya çıxarırdı ki, Ermənistanın məqsədi sülh danışıqlarında iştirak etməklə heç də münaqişənin öz həllini tapması deyil. Onlar bununla sadəcə olaraq mövcud status-kvonu qorumaq, ərazidə möhkəmlənmək və zaman keçdikcə işğalı qanuniləşdirmək niyyətində idilər.
Humanistliyi ilə seçilən Azərbaycan xalqı işğalla heç zaman barışmadı. 2016-cı il aprel ayında Lələtəpə, 2020-ci il iyul ayında Tovuz döyüşləri xalqımızın amansız işğalla barışmayacağını nümayiş etdirdi. Faşist erməni terrorçuları bu döyüşlərdən də nəticə çıxarmadı, Azərbaycana qarşı diversiyaları davam etdirilər.
2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri cəbhə boyu hərbi təxribatı Azərbaycan xalqının “səbir kasasını” daşırdı. Atəşkəs rejimini kobud şəkildə pozan düşmən Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutdu. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Üçtərəfli bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu
44 günlük Vətən müharibəsindəki parlaq Qələbə şanlı ordumuzun gücünün və qüdrətinin göstəricisi, milli həmrəyliyimizin təcəssümü, “Dəmir yumruq” və ali ədalətin təntənəsi oldu. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruq kimi ətrafında birləşdi, Zəfərimizi, düşmən üzərində qələbəmizi reallığı çevirdi, müstəqilliyimizin əbədi olduğunu bütün dünyaya bir daha bəyan etdi. Suveren ölkəmizin işğaldan azad edilən torpaqları yenidən qurulur, dirçəlir. Soydaşlarımız öz el-obalarına qayıdırlar, bu əzəli-əbədi yurdlarımızda yaradılan yeni təhsil müəssisələrində, o cümlədən Qarabağ Universitetində gənclərimiz təhsil alırlar. Artıq arzular, xəyallar reallığa çevrilir.
Pərvin Kərimzadə qeyd edib ki, Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.