Bu gün Azərbaycan-Pakistan münasibətləri yalnız strateji tərəfdaşlıqla məhdudlaşmır. Bu münasibətlər, həm də qardaşlığa və qarşılıqlı etimada əsaslanan bir dostluq modelidir. Təqdirəlayiq haldır ki, ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi perspektivləri genişlənir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri də qarşılıqlı əlaqələrimizin yüksək səviyyəsindən xəbər verir.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
O bildirib ki, Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib. Bu gün Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il fevralın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf istiqamətlərini müəyyənləşdirib. Prezident İlham Əliyevin ötən il iyulun 11-12-də Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edib.
Deputatın sözlərinə görə, ölkələrimiz arasında möhkəm münasibətlərin əsasını ortaq tarix, mədəni və dini dəyərlər təşkil edir. Fevralın 24-də mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Məhəmməd Şahbaz Şərif də münasibətlərin inkişafından məmnunluğunu ifadə edib. Önəmli məqamlardan biri də odur ki, hər iki ölkə beynəlxalq müstəvidə də bir-birinə güclü dəstək nümayiş etdirir. Pakistan keçmiş Qarabağ münaqişəsi dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini daim açıq şəkildə dəstəkləyib. Rəsmi İslamabad Ermənistanın işğalçılıq siyasətini pisləyərək, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə edib. Pakistanın Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə israrlı mövqeyinin bariz nümunəsi kimi, 1993-cü ildə BMT TŞ-də Pakistanın sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamə qəbul edilib. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb və onunla iqtisadi-ticari əməkdaşlıqdan imtina edib. Bu qərar Azərbaycana verilən sarsılmaz dəstəyin bariz nümunəsidir. Xüsusilə 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərdi. Müharibə dövründə Pakistan rəsmiləri Azərbaycanın haqq işini açıq şəkildə müdafiə edərək, Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pislədilər. Həmçinin Pakistan parlamenti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən rəsmi bəyanatlar qəbul edib.
“Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələr strateji xarakter daşıyır və hər iki ölkənin hökumətləri bu sahədə əməkdaşlığı daha da genişləndirmək üçün ciddi səylər göstərir. İkitərəfli iqtisadi münasibətlərin inkişafı hər iki dövlət üçün prioritet istiqamətlərdən biridir və bu məqsədlə müxtəlif səviyyəli görüşlər, iqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclasları keçirilir. Təsadüfi deyil ki, Pakistanın Baş nazirinin ölkəmizə budəfəki səfərində iqtisadi, sərmayə və ticarət mövzusu xüsusi diqqət mərkəzində olub. Azərbaycan-Pakistan Biznes Forumunun keçirilməsi də bunun göstəricisidir. Bütövlükdə, Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin daha da güclənməsinə böyük töhfələr verəcək”, – deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.