“Azərbaycan xalqının Lideri cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 21 illik dövrdə vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən prioritet fəaliyyət sahəsi olan təhsilə xüsusi həssaslıqla yanaşılıb. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir. Danılmaz faktdır ki, dövlət siyasətində təhsilin rolu birbaşa olaraq ölkənin inkişaf strategiyaları ilə bağlıdır. Təhsilə göstərilən diqqət dövlətin ali məqsədi – uzunmüddətli inkişaf və vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsində əsas vasitədir. Məhz, bunun üçün də təhsil sahəsində görülmüş işlər, qazanılmış nailiyyətlər və xalqımızın xoşbəxt, firavan gələcəyinə möhkəm təməlinə zəmin yaradır.” Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü il oktyabr ayının 24-də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunması təhsil sahəsinin inkişafında yol xəritəsi rolunu oynadı. 2017-ci il 14 aprel tarixində “Məktəbəqədər təhsil haqqında”, 2019-cu il 29 mart tarixində “Ümumi təhsil haqqında”, 24 aprel 2018-ci il tarixində “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə təhsil islahatlarının daha çevik aparılması, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün münbit şərait yaranmış və prosesin davamlılığı təmin edilməkdədir. Dövlət başçımızın təşəbbüsü ilə təhsilin inkişafı məqsədilə konkret dövrləri əhatə edən çoxsaylı dövlət proqramları imzalanaraq həyata keçirilib.
Millət vəkilinin sözlərinə görə, təkcə yola salmağa hazırlaşdığımız 2024-cü il Prezidentimiz cənab İlham Əliyevin praqmatik və çevik siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi təhsil sahəsində dəyişikliklər və yeniliklərlə yadda qaldı. 2 yeni, müasir standartlara cavab verən Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başladı.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olundu. İşğaldan azad edilmiş ərazilərdə illər sonra Qarabağ Universitetinin fəaliyyətə başlaması həyatımıza yeni nəfəs gətirən Qalib Liderimiz cənab İlham Əliyev düşünülmüş islahatlarının və müdrik qərarlarının məntiqi nəticəsi, Azərbaycanın təhsil sahəsində atdığı uğurlu addımların təzahürü, eyni zamanda şanlı tariximizin qürurverici səhifələrindən biri idi.
Sevindici haldır ki, Qarabağ Universitetində 1104 tələbə təhsil alır, gələcəkdə xalqımızın və respublikamızın inkişafına öz töhfələrini verəcəklər. Qarabağ Universitetində yüksəkixtisaslı kadrların hazırlanması prosesi bölgənin inkişafında xüsusi rola malik olacaq.
2024-cü il fevralın 19-da Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumunun imzalanması da dövlətimizin gələcəyinə hesablanmış yüksəkixtisaslı, peşəkar kadr hazırlığı siyasətinin uğurla aparıldığının bariz nümunəsidir. İki qardaş ölkənin ali təhsil ocağının yaradılması Azərbaycanda təhsil sahəsində atılmış ən uğurlu addımlardandır. Türkiyə və Azərbaycanın ortaq universitetinin açılması həm də iki dövlətin bir-birinə olan yaxınlığını və əlaqələrini təhsil sahəsində daha da dərinləşdirmək məqsədinə xidmət edir.
YAP İdarə Heyətinin üzvü onu da qeyd edib ki, bu gün təhsilin bütün pillələrində – uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar – təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. Azərbaycanda təhsilə dövlət tərəfindən göstərilən qayğı ən yüksək səviyyədədir. Təhsil sahəsində həyata keçirilən islahatlar və onların uğurlu nəticələri, ilk növbədə, ölkəmizin dayanıqlı inkişafına, iqtisadi qüdrətinin güclənməsinə, Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır.
Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır.
Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsində məktəblərimizdə formalaşan vətənpərvər gənclərimiz 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək xalqımıza Böyük Zəfərin sevincini yaşatdılar. Onlar bu gün də düşməndən azad olunan torpaqlarımızda davam etdirilən bərpa-yenidənqurma işlərində öz töhfələrini əsirgəmirlər.
Bəli, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, xüsusi qayğısı və rəhbərliyi ilə Azərbaycanın qüdrətli sabahına hesablanan tapşırıq və tövsiyələri bu gün təhsil sahəsində qazanılan nailiyyətlərin əsasını təşkil edir – deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.