Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət mühüm yer tutur. Bu baxımdan, ölkəmiz Müstəqil Dövlətlər Birliyi (MDB) müstəvisində də qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri qurub və bu istiqamətdə uğurlu nəticələr əldə edib. Oktyabrın 8-də Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan-MDB əməkdaşlığının uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edib.
Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, MDB iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilib. Azərbaycan isə 1993-cü ilin sentyabr ayında bu təşkilata qoşulub. Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər məsələlərdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur.
Deputatın sözlərinə görə, MDB-də Azərbaycana və onun Liderinə böyük ehtiram və hörmət var. Çünki ölkəmizin MDB-nin fəaliyyətinə verdiyi töhfələr üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur. Digər tərəfdən isə respublikamız Ermənistan istisna olmaqla, qurumda təmsil olunan əksər dövlətlərlə yüksəksəviyyəli ikitərəfli münasibətlərə malikdir. Liderlər tez-tez qarşılıqlı səfərlər edərək fəal siyasi dialoq aparırlar və gündəliyin yeni istiqamətlərini müəyyənləşdirirlər. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qurumda Azərbaycana göstərilən hörmət və etimadın daha bir təsdiqidir. Laçın xalqımız üçün həm də bir rəmzi məna daşıyır. Bu şəhər düşmənin işğal planında Ermənistanla Azərbaycanın müəyyən sayda erməni əhalinin yaşadığı keçmiş Qarabağ bölgəsi arasında coğrafi bağlantını təmin etmək əsas məqsədlərdən biri kimi nəzərdə tutulmuşdu. 1992-ci ilin may ayında Laçının işğal altına düşməsi ilə düşmən öz istəyinə çatdı, Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında birbaşa əlaqə təmin olundu. 44 günlük müharibənin nəticələrinə uyğun olaraq Laçın respublikamıza döyüşsüz qaytarıldı. İşğal altına düşən digər şəhərlərimiz kimi, Laçın da 30 il ərzində tamamilə dağıdılmışdı. Prezident İlham Əliyev Laçınla bağlı verilən bu qərarı yüksək dəyərləndirib: “Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.
Pərvin Kərimzadə qeyd edib ki, III MDB Oyunlarına ev sahibliyi hüququnun ölkəmizə verilməsi də təşkilat daxilində Azərbaycana inamın yüksək olmasının təsdiqidir. Belə genişmiqyaslı idman tədbirini ancaq Azərbaycan kimi güclü dövlət təşkil edib uğurla keçirə bilər. III MDB Oyunları gələn il keçiriləcək və Gəncə şəhəri idman paytaxtına çevriləcək. Gəncə şəhərini təmsil edən deputat kimi bu qərarın şəhər əhalisi tərəfindən yüksək dəyərləndirildiyini vurğulamaq istəyirəm. Qədim Gəncə indiyə qədər bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib. Bu dəfə də gəncləlilər şəhərimizin qonaqlarına qucaq açacaq, onları xalqımıza xas qonaqpərvərliklə qarşılayacaq.
Deputat həmçinin deyib ki, MDB Dövlət Başçıları Şurasının iclasında İkinci Dünya müharibəsində qazanılan qələbənin 80 illiyi ilə bağlı müraciət qəbul olunması da önəmli məqamdır. Azərbaycan bu müharibədə qələbənin əldə olunması üçün böyük əzmkarlıq nümayiş etdirib. Prezident İlham Əliyevin dediyi kimi, müharibə illərində Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. Dövlətimizin başçısı Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüş yolundan bəhs edib. Bu diviziyanın döyüşçüləri 1942-ci ilin martında and içiblər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırıblar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil olub. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancıblar. Respublikamızın ümumi Qələbənin əldə olunmasında oynadığı mühüm rola diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan ümumi qələbəyə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib”.
“Moskvaya səfəri zamanı Prezident İlham Əliyev “Rossiya-1” televiziya kanalına müsahibəsində Qərb ölkələri tərəfindən tətbiq olunan ədalətsiz sanksiyaları tənqid edib. Dövlət başçısının dediyi kimi, qeyri-qanuni, tamamilə əsassız sanksiyaların tətbiq olunmasına beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Son vaxtlar ABŞ-ın bəzi ermənipərəst konqresmenləri tərəfindən Azərbaycana qarşı da sanksiyaların tətbiq olunması məsələsi qaldırılıb. Bütün bunlar tamamilə əsassız və qəbuledilməzdir. İkili standartların Qərbdə bu dərəcədə kök salmasına dünya ictimaiyyəti öz səsini ucaltmalıdır” , – deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.