Prezident cənab İlham Əliyevin dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına verdiyi müsahibə Azərbaycanın qəti mövqeyini bir daha təsdiq etdi. Dekabr ayının 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Dəhşətli xəbər xalqımızı dərindən sarsıtdı. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, bu faciədə təkcə xalqımız deyil, dünya birliyi Qalib ölkənin Qalib Liderinin öz qəti mövqeyi ilə hər bir azərbaycanlının yanında olduğunu bir daha gördü.
Həmin gün Sankt-Peterburqda MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyev qəza baş verən kimi geri döndü və Heydər Əliyev Beynəlxalq Aeroportunda hadisənin tam araşdırılması üçün operativ müşavirə keçirdi. Ölkə Prezidentinin göstərişi ilə Dövlət Komissiyası yaradıldı, müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edildi, Azərbaycan Baş Prokurorluğunda cinayət işi açıldı.
Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi, həqiqətlərin xalqımıza çatdırılması istiqamətində atılan addımlardan danışdı:”Heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.
Qəza ilə bağlı suallar çox idi. Təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Nə üçün təyyarə daha yaxında olan hava limanlarına eniş etmədi?… Bu kimi suallara çavabı hər kəs gözləyirdi. Prezidentin vurğuladığı kimi, bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır.
Milli Məclisin deputatı qeyd edib ki, xoşbəxtlikdən təcrübəli ekipajın qəhrəmanlığı sayəsində təyyarə suya deyil, quruya eniş edə bilib və sərnişinlərin 67 nəfərindən 29-u xilas edildi. Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə ekipaj üzvləri təltif edildilər. Sərəncama əsasən, ölümündən sonra Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızı “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edildilər.
Eyni zamanda, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak etdilər, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı verdilər.
Prezident cənab İlham Əliyev “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi zamanı Qazaxıstanın rəsmi qurumları tərəfindən qəza yerində xilasetmə və tibbi yardım işlərinə fəal şəkildə cəlb olunmasına, yaralıların müalicəsinə və həlak olanların meyitlərinin müəyyən edilməsi istiqamətində aparılan işlərə diqqət yetirərək qardaş ölkənin bu faciə ilə əlaqədar Azərbaycan xalqına dəstək nümayiş etdirməsini xüsusi ilə vurğulayıb.
Ölkə Prezidentimiz müsahibəsində qeyd edib ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissədə yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə mən təşəkkürümü bildirdim. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır.
Dost dar gündə tanınar. Azərbaycan və Qazaxıstan xalqlarının dostluğu, qardaşlığı bu hadisədən sonra daha da güclənəcək. Bu təyyarə qəzası zamanı, eyni zamanda dünya birliyi, beynəlxalq ictimaiyyət bir daha gördü ki, Azərbaycan dövlətinin ən vacib məsələsi hər bir ölkə vətəndaşının təhlükəsizliyidir.