Deputat bildirib ki, dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına, “Avropa siyasi birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir. Avqustun 9-da isə Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib. Bu, Prezident İlham Əliyevin şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı mühüm yer tutur. Bu regionda daha çox türk dövlətləri yerləşir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək. Prezident İlham Əliyev görüşdə çıxışı zamanı bildirib: “Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır”.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son 2 il ərzində Prezident İlham Əliyev bu regiona 16 səfər edib. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.
Pərvin Kərimzadə qeyd edib ki, Prezident İlham Əliyevin Qazaxıstana budəfəki səfər çərçivəsində də bir sıra tədbirlərdə iştirakı dövlətimizə və onun başçısına göstərilən ehtiramın ifadəsidir. Ümumiyyətlə, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və Mərkəzi Asiya xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Prezident İlham Əliyevin görüşdə çıxışı zamanı dediyi kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.
Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Bu il martın 12-də isə Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Açılış mərasimində Azərbaycan və Qazaxıstanın dövlət başçıları iştirak ediblər.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Bütövlükdə, bütün sahələr üzrə əlaqələrin inkişafı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətləri əhəmiyyətli dərəcədə gücləndirir.