“Azərbaycan COP29-un keçirilməsi ilə əlaqədar hazırlıq işlərini uğurla davam etdirir. Tədbirə beynəlxalq səviyyədə böyük maraq var, ölkəmizə on minlərlə qonağın gələcəyi gözlənilir. Azərbaycan belə bir genişmiqyaslı qlobal konfransa ev sahibliyi hüququnun verilməsini həm beynəılxalq birliyin etimadı, həm də böyük məsuliyyət kimi qəbul edərək ciddi hazırlıq tədbirləri görür. Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində COP29-un gündəliyinə xüsusi diqqət çəkib. Dərin təhlillər əsasında hazırlanan bu gündəlik dünyada yaşanan iqlim dəyişikliyi ilə bağlı yaranan çağırışlara adekvatdır və nəzərdə tutulan genişmiqyaslı tədbirləri əhatə edir”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib, hazırda dünya üzrə iqlim dəyişikliyi ilə bağlı çağırışların aktuallığının artması heç də təsadüfi deyil. Müsahibədə Prezident İlham Əliyevin vurğu etdiyi kimi, dünyada iqlim çağırışları ilə bağlı fikirlər heç də həmişə üst-üstə düşmür. Fərqli çağırışlar edilir, bir sıra hallarda isə müxtəlif strukturlu iqtisadiyyatlara və inkişaf səviyyələrinə malik ölkələrin bir-birlərini ittiham etmələrinin şahidi oluruq. Belə yanaşmalar ümumi məqsədlərə çatmağa kömək edə bilməz. Çağırışlar bütün dünya üçün olduğu kimi, dövlətlərin qarşıya qoyduqları məqsədlər də uyğunlaşdırılmalı və səylər birləşdirlməlidir. COP29-a ev sahibliyi edəcək Azərbaycanın mövqeyi belədir ki, qlobal təhdidlər fonunda hər bir ölkə öz məsuliyyətini anlayaraq iqlim dəyişikliyinə qarşı milli səviyyədə özünün gündəliyini müəyyənləşdirməlidir. Bu mənada dünyada etibarlı tərəfdaş kimi qəbul olunan Azərbaycanın yanaşması təqdirəlayiqdir.
Millət vəkilinin sözlərinə görə, ölkəmiz iqlim dəyişikliyi ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Milli səviyyədə öz nümunəsini nümayiş etdirən Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal həmrəyliyin möhkəmlənməsinə töhfələr vermək imkanları böyükdür. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Məlumdur ki, Azərbaycanın Qoşulmama Hərəkatında (QH) körpü rolunu oynamaqda böyük təcrübəsi var. Respublikamız Hərəkata dörd il ərzində sədrlik həyata keçirib. Azərbaycanın 120 ölkənin birləşdiyi quruma sədrliyi dönəmində QH böyük tərəqqiyə nail oldu, onun funksionallığı və beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı. Eyni zamanda, respublikamız Avropa İttifaqına (Aİ) üzv olan ölkələrlə fəal işləyir. Azərbaycan indiyədək Aİ-yə üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Bundan başqa, respublikamız geniş İslam coğrafiyasında böyük nüfuza malik olan ölkədir. Bütün bunlar respublikamızın birləşdirici rolunu gücləndirən amillərdir. Əsas məqamlardan biri də Azərbaycanın xoş niyyəti və siyasi iradəsi ilə bağlıdır. Ölkəmiz malik olduğu potensialdan və imkanlardan heç vaxt başqalarına qarşı təzyiq vasitəsi kimi istifadə etmir, əksinə daim qlobal həmrəyliyi, barışığı, ümumi məqsədləri hədəfləyən təşəbbüslər irəli sürür. Prezident İlham Əliyev diqqəti ona çəkib ki, indiki mərhələdə qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi suallara cavab tapılmalıdır.