“Azərbaycanın 30 illik erməni işğalına son qoyması, özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Ermənistanın xarici havadarlarını ciddi şəkildə narahat etməkdə davam edir. Davamlı olaraq bir sıra Qərb-Avropa ölkələri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə qarşı qarayaxma kampaniya bunun göstəricisidir. Azərbaycanı əsassız olaraq hədəfə alan təşkilatlardan biri də Avropa Şurası Parlament Assambleyasıdır. Bu təşkilat özünün ermənipərəstliyini qış sessiyası çərçivəsində daha “qabarıq” şəkildə büruzə verir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olarkən təşkilatın Ermənistanın işğalçı siyasətinə qarşı ciddi addımlar atacağına ümid edirdi. Lakin ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. AŞPA nəinki Ermənistanı işğalçı siyasətini tanımadı, əksinə erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlara qərəzli qətnamələr qəbul edib. Hansı ki, Avropa Şurasının əsas meyarı insan haqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsini bu təşkilat görməzdən gəldi. Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir. Uzun illər ərzində AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Görünən odur ki, AŞPA müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir.
Millət vəkilinun sözlərinə görə, AŞPA 23 oktyabr 2023-cü il tarixində qəbul etdiyi “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror tədbirlərini hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən “ciddi narahatçılıq” ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələmişdi. Bugünlərdə təşkilatın ölkəmizə qarşı çıxardığı qərar da bu qərəzli fəaliyyətin davamıdır. Qış sessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməməsi bunu təsdiqləyir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Almaniyanı təmsil edən, sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürüb və həmin təşəbbüs təsdiqlənib. Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında əsassız olaraq “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib”. Əslində, qalmaqallı təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir.
YAP İdarə Heyətinin üzvü deyib ki, bəzi təşkilatlar Azərbaycana qarşı münasibətdə sanki sinxron fəaliyyət göstərirlər. Belə ki, bir neçə gün öncə, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel də Azərbaycana qarşı növbəti dəfə qərəzli bəyanat səsləndirib. Cənab Borrel Brüsseldə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı Cənubi Qafqazdakı vəziyyəti təhrif edib, yenə də erməni sevgisini nümayiş etdirib, Azərbaycana qarşı hədələyici tonla danışmağa cəhd göstərib. Bu fakt özlüyündə Ermənistanın havadarlarının vahid şəbəkə olaraq fəaliyyət göstərmələrinə bir nümunədir.
“Ümumiyyətlə, AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. Təşkilatın bu davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. Aydındır ki, Fransa və Almaniya tandem şəklində çıxış edirlər. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Görünən odur ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır. Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərməyə çalışır. İş burasındadır ki, eyni şəbəkəyə daxil olan Avropa İnsan Hüquqları Məhkəməsi Qərbin 5-ci kolonunu müdafiə edir və sifarişli qərarlar çıxarır”-deyən Pərvin Kərimzadə əlavə edib ki, AŞPA-nın bu kimi addımlarının gerçək səbəbi Azərbaycanın tarixi Zəfər qazanması, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir: “Prezident İlham Əliyev müstəqil və milli maraqlarımızı təmin edən siyasət həyata keçirir. Məhz bu siyasət nəticəsində biz tarixi zəfərə nail olmuşuq. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan bundan sonra daha güclənəcək, müəyyən xarici dairələrin regiondakı çirkin planlanlarının qarşısını alacaq. Həmin dairələrin əlində alət olan AŞPA-nın ölkəmizə qarşı qərəzli mövqeyinin əsasında da bu amillər dayanır. Çünki Ermənistanın işğalçı siyasəti onların geo-siyasi maraqlarına cavab verirdi. Lakin işğalçı ölkənin məğlubiyyəti həmin planları iflasa uğratdı. Bu səbəbdən də ölkəmizə əsassız hücumlar təşkil olunur. Lakin bütün bunlar dövlətimizin və xalqımızın haqlı mövqeyinə təsir edə bilməz”.
Deputatın fikrincə, baş vermiş hadisədən ölkəmizin daxilində müəyyən siyasi qruplar öz məqsədləri üçün sui-istifadə etməyə çalışır: “AŞPA-nın məlum qərarı ilə bağlı REAL Partiyasının sədri İlqar Məmmədov guya Türkiyə nümayəndə heyətinin ölkəmizə ciddi dəstək vermədiyini iddia edib. Əslində, hər kəsə məlumdur ki, bir nümayəndəsi ilə Milli Məclisdə təmsil olunan “REAL” Aİ və AŞ-dan mütəmadi olaraq dəstək alır. İ.Məmmədov sözügedən qərarla bağlı AŞPA-nı tənqid etməkdənsə Türkiyəni hədəfə alır. Məqsəd iki ölkə arasında münasibətlərə kölgə salmaqdır. Bu, qəbulolunmazdır. Nəzərə alaq ki, Türkiyə də hər zaman AŞPA kimi təsisatların hədəfindədir. Azərbaycanla Türkiyə qardaş dövlət olaraq hər zaman bir-birinin yanındadır”.