Azad Bayramov,
ADAU-nun İctimai Fənlər kafedrasının müdiri
Ölkəmizin Prezidenti cənab İlham Əliyev 13 fevral 2023-cü il tarixində Bakıda Gülüstan sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük Elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Mingəçevir Elektrik stansiyası hamımıza məlumdur ki, 1976-cı ildə təməli qoyulmuş, 1981-ci ildə şəxsən Ulu Öndərimiz Heydər Əliyevin iştirakı ilə açılışı olmuşdur. Bununla da Ulu Öndər Mingəçeviri əslində Qafqazın ən böyük enerji mərkəzinə çevirmişdir. 2018-ci ildən Mingəçevir Elektrik stansiyasının yenidən qurulma prosesi başlanmışdır. Qısa müddət ərzində yəni iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Bərpa yenidən qurma sayəsində stansiya 2400 meqavat generasiya gücünə malik olmuş,təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edilmişdir. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin.
Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi.
Yeni ərazilər uğrunda yeni müharibə” ritorikasını Dağlıq Qarabağdan yüz kilometrlərlə uzaqlıqda yerləşən, regionu qərblə birləşdirən geosiyasi və iqtisadi əhəmiyyətli enerji-kommunikasiya xətlərinin keçdiyi Tovuz istiqamətində hərbi təxribatlar müstəvisinə keçirən Ermənistan bu günlərdə bənzər uğursuz cəhdlərini Yevlax istiqamətində də təkrarladı. Raket atəşlərinin hədəfi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru kəməri və Qərb İxrac Boru kəmərinin seçilməsi ilə bu təxribatların miqyasca tək Azərbaycanla məhdudlaşmayan, regional və qlobal əməkdaşlığa, enerji təhlükəsizliyinə, beynəlxalq şirkətlərin və dövlətlərin maraqlarına qarşı yönəlmiş terror cəhdi olduğunu bir daha göstərdi.
Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması, çox əlamətdar hadisədir. Bu layihə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir.
Xüsusən qeyd etmək lazımdır ki tikinti 2025- ə kimi başa çatdırılmalıdır və layihədə əsasən İtaliya şirkətləri və Çin şirkətlərinin mütəxəssisləri cəlb edilmişdir. İtaliyanın bu layihədə adı xüsusilə vurğulanmalıdır. Çünki İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Biz hər zaman dost ölkələr olaraq qarşılıqlı investisiya fəaliyyətinin gücləndirilməsi istiqamətinə xüsusi diqqət yetirmişik. Bu qarşılıqlı münasibətlərdə isə energetika sahəsində əməkdaşlıq xüsusi yer tutur.
Bu stansiyanın tikilməsinin ən böyük əhəmiyyəti isə ətraf mühitin qorunması istiqamətinə yönəlməsidir. Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə-2milyon ton azalacaq və nəticədə ətraf mühitə çox böyük faydası olacaqdır. Sonda vurğulamaq yerinə düşər ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi sayəsində əldə etdiyimiz bu nailiyyətlər ölkəmizin gələcək inkişafına böyük pəncərə və böyük rifahın təməl daşıdır. Çünki bu nəhəng layihələr əhalinin rifah halının yaxşılaşmasına, ölkəyə gələn gəlirlərin artması istiqamətində çox böyük tövhələr verəcəkdir. Biz buna hamılıqla inanır və görülən işləri tam şəkildə dəstəkləyirik. Qüdrətli və güclü Azərbaycanımızın gələcəyi bu kimi layihələrin reallaşması sayəsində daha da güclənəcək və dünyaya bir nümunə olacaqdır!