Cavid Bağırzadə,
Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti,
YAP Gəncə şəhər təşkilatının 4 saylı (Gəncə Dövlət Universiteti) ərazi partiya təşkilatının sədri
2022-ci il noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdi. Dövlətimizin başçısı Zirvə Görüşündə çıxışında bir çox mühüm məsələlərə toxunmuşdur. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Türk dünyasının sıx birləşməsi prosesindəki rolundan bəhs edərək mühüm məqamları diqqətə çatdırmışdır.
Azərbaycan coğrafi mövqeyinə, tarixi ənənələrinə, müasir dünyanın geosiyasi müstəvisindəki rolu və yerinə görə Türk dünyasının sıx birləşməsi prosesində də xüsusi rola malikdir. Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, Azərbaycan dili mühüm amillər bu istiqamətlər üzrə Türk dünyasının ortaq dəyərlərini özündə ehtiva edir. Təsadüfi deyildir ki, Azərbaycan bütün tarixi dövrlərdə Türk dünyasının ortaq dəyərlərini yaratmış və inkişaf etdirmiş bir coğrafiya olmuşdur. Bütün hallarda Türk dünyası birliyinin formalaşması və Türk dünyasının sıx birləşməsi prosesi bilavasitə Azərbaycanla, onun mövqeyi və verdiyi töhfələrə bağlı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında da məhz bu məsələlərə diqqət çəkilmişdir.
Prezident İlham Əliyev eyni zamanda Azərbaycanla Özbəkistan arasında müasir mərhələdəki münasibətlərlə bağlı olaraq bildirmişdir ki, son 7 ayda üçüncü dəfə qardaş Özbəkistana səfər edirəm. Aprel ayında Özbəkistanda dövlət səfərində olmuşam, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşündə iştirak etmişəm. Bu gün yenidən Səmərqənd şəhərində olmaqdan çox məmnunam.Bu səfərlər zamanı Özbəkistanda gedən genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanım olmuşdur. Əldə edilmiş nailiyyətlər münasibətilə qardaşım, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və qardaş özbək xalqını təbrik edirəm. Səfərlər zamanı Prezident Şavkat Mirziyoyev ilə apardığım müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Şavkat Mirziyoyevə minnətdarlığımı bildirirəm.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir.Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.
Türk dünyası birliyinin möhkəmlənməsi ilə bağlı istiqamətləri göstərən Prezident İlham Əliyev xüsusi olaraq ayrı-ayrı sahələrdə Türk dünyası ölkələrinin bir-biri ilə əlaqələrinin daha geniş şəkildə formalaşdırlmasına da toxunmuşdur. Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.
Türk dünyasının gerçək coğrafiyası haqqında xüsusi olaraq bəhs edən Prezident İlham Əliyev bütövlükdə Türkdilli əhalinin hüquqları haqqında da bəhs etmişdir. Prezident İlham Əliyev vurğulamışdır ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.
Prezident İlham Əliyev eyni zamanda Türk dünyasının mühüm hissəsini təşkil edən Cənubi Azərbaycanda yaşayan soydaşlamızın hüquqları haqqında da mühüm məqamlara toxunaraq bildirmişdir ki, Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır.
Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.
Qırğızıstan Prezidenti Sadır Japarov və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın, Prezident İlham Əliyevin Türk dünyasının sıx birləşməsi prosesinə verdiyi töhfələri yüksək qiymətləndirmişlər. Qırğızıstan Prezidenti Sadır Japarov çıxışında ölkəsinin Azərbaycanla münasibətlərinin yeni səviyyəyə yüksəldiyini vurğulayaraq bildirdi: “Son vaxtlar biz mənim əziz dostum Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə qarşılıqlı səfərlər edib dövlətlər arasında münasibətlərimizi yeni strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişik”.Macarıstanın Baş naziri Viktor Orban Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu xüsusilə qeyd edərək dedi: “Mən qardaşım Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Çünki Azərbaycan bizim üçün yeganə real şaxələndirmə şansıdır. Qardaşım İlham Əliyevə, həmçinin bizim Azərbaycan üçün “yaşıl enerji”ni Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan əməkdaşlığına gətirmək təşəbbüsümüzü tamamilə dəstəklədiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Mən bu əməkdaşlığa çox ümid bəsləyirəm”.
Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir mərhələdə Türk dünyası birliyinin möhkəmlənməsi və inkişafı prosesində mühüm işlər görməkdədir. Bütün bunlar bir daha göstərir ki, ölkəmizin Türk dünyasının sıx birləşməsində aparıcı mövqeyi vardır.