Ümid Şükürov,
Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı, Gəncə şəhər Sukanal İdarəsinin Mənbələrin və Su anbarlarının istismarı sahəsinin rəisi, YAP Gəncə şəhər 152 saylı ərazi partiya təşkilatının sədri, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Sabahını düşünən millət, hər şeydən əvvəl, gəncini düşünməli, öz gələcəyini təmin etmək üçün onun gücünə, zəkasına, iradəsinə əmin olmalıdır. Bunun üçün dövlətin və cəmiyyətin birgə fəaliyyəti, məqsədyönlü, gələcəyə istiqamətlənmiş siyasəti və strategiyası olmalıdır. Azərbaycanın bununla bağlı məqsədyönlü fəaliyyət proqramı həmişə olub, indi də var. Xüsusilə də ölkəmizdə müstəqillik illərində böyük, vətənpərvər gənclər ordusu yaranmışdır. Demək olar, indi ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır.
Ümumiyyətlə, gənclərlə iş, gənclər hərəkatının düzgün formalaşdırılması bu gün dövlət siyasətində mühüm yer tutmaqla, Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heç kəsə sirr deyil ki, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra məhz Heydər Əliyevin sayəsində nəinki gənclərə diqqət və qayğı göstərildi, həm də ölkədə dövlət səviyyəsində məqsədyönlü gənclər siyasətinin əsası qoyuldu. Azərbaycanı qurucu gənclər ölkəsi, gəncləri isə birmənalı olaraq, Azərbaycanın gələcəyi adlandıran Ümummilli Liderimiz bu siyasəti müstəqil dövlət quruculuğu prosesinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Həmin prosesin əməli nəticəsi olaraq 1994–cü il iyulun 26–da Gənclər və İdman Nazirliyi yaradılmış, 1996–cı il fevralın 2–də mü fevstəqil Azərbaycan gənclərinin 1–ci forumu keçirilmişdir. Ulu Öndərin 1997–ci ildə imzaladığı sərəncamla forumun keçirildiyi gün 2 fevral “Azərbaycan Gəncləri günü” elan edilmişdir. Nəhayət, 29 iyun 1999–cu il tarixli “Dövlət Gənclər Siyasəti haqqında” fərmanın icrası ilə ölkəmizdə gənclər hərəkatı yeni mərhələyə qədəm qoymuşdur.
Gənclərin inkişafında dövlət başçısı İlham Əliyevin qayğısı daim hiss olunur. Son illər ərzində Azərbaycanın elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizdə gənclər siyasətinin səmərəliliyinin göstəricilərindəndir. Azərbaycanın gənc alimlərinin elmin müxtəlif sahələrində söz sahibi olması və daim nüfuzlarının artırılması bizlərə yaradılan imkanların nəticəsidir.
Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Ölkə rəhbəri cənab İlham Əliyev daim gənclərin problemləri ilə maraqlanır, onlarla vaxtaşırı görüşür, gənclərin dövlət işlərinə irəli çəkilməsinə xüsusi önəm verir. Prezident İlham Əliyev bu barədə deyib: “Azərbaycanın gələcək inkişafında gənclərin rolu çox böyükdür. Çünki, bilirsiniz ki, ölkə əhalisinin əksəriyyəti gənclərdir və onlar bütün sahələrdə çalışırlar. Bir daha demək istəyirəm ki, ilk istəyim, ilk tələbim ondan ibarətdir ki, gənclər yaxşı oxusunlar. Bunun üçün biz lazımi şərait yaratmağa çalışırıq. Ali məktəblərdə oxuyan gənclərin təqaüdləri də qaldırılıb, digər məsələlər öz həllini tapır. Təhsili bitirdikdən sonra, əlbəttə ki, gənclər Azərbaycanda iqtisadi və digər sahələrdə olan imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər. İndi bu imkanlar var və mən çox istəyirəm ki, gənclər bütün sahələrdə fəal iştirak etsinlər, cəmiyyətin fəal üzvləri olsunlar. Bu, ölkəmiz üçün, gələcək üçün lazımdır”.