Azərbaycanın demokratik dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul etməsi, zamanın nəbzinə və müasir tələblərə uyğun olaraq tərəqqisini sürətləndirən islahatlar həyata keçirməsi səmərəli nəticə verir. Qüdrətini hər keçən il daha da artıran ölkəmiz yerləşdiyi regionun lideri kimi çıxış edir və qazandığı yeni nailiyyətlərlə bu statusunu davamlı şəkildə möhkəmləndirir.
Bunu yenigence.com-a YAP Gəncə şəhər təşkilatının İdeoloji şöbəsinin Baş məsləhətçisi, fəlsəfə doktoru, dosent Hüseyn Budaqov bildirib.
Hüseyn Budaqov onu da qeyd edib ki, Azərbaycan artıq beynəlxalq hüququn güclü, nüfuzlu müstəqil subyekti kimi çıxış edərək, demokratik dəyərlərini kifayət qədər möhkəm özüllər üzərində inkişaf etdirib. Siyasi, iqtisadi, sosial, mədəni və digər sahələr üzrə yaşanan inkişafın biri-birini tamamlaması isə öz növbəsində ölkəmizi daha güclü, beynəlxalq miqyasda daha böyük nüfuz sahibi olan bir dövlətə çevirir: “Təssüflər olsun ki, ölkəmizin əldə etdiyi nailiyyətləri, qazandığı uğurları, beynəlxalq hüquq müstəvisində istənilən məsələ üzrə milli maraqlarını qətiyyətlə müdafiə etməsi üçün gücə, qüdrətə sahibi olmasını həzm edə bilməyənlərin sayı az deyil. Azərbaycan əleyhinə fəaliyyət göstərən antiazərbaycançı şəbəkənin ölkəmizin daxilində də təmsilçiləri, əlaltıları mövcuddur. Hüquq müdafiəçisi, qeyri-hökumət təşkilatı, siyasi partiya adı altında fəaliyyət göstərən belə buyruq qulları əməlləri ilə Azərbaycana, xalqa xəyanət etməyə hazır olduqlarını dəfələrlə sübuta yetiriblər. Onlar öz mənafeləri, maddi maraqları naminə lazım gəldikdə bir an belə, tərəddüd etmədən xəyanətlərə yol veriblər. Son günlər radikal müxalifətin üzvlərinin radikal düşərgəyə xidmət edən media orqanlarının “Facebook” səhifələrində yalan, iftira dolu qarayaxma kampaniyası buna misaldır. Azərbaycanın uğurlarına, nailiyyətlərinə kölgə salmağa hədəflənən radikal müxalifətin fəalları, anti-Azərbaycan ünsürlər sosial şəbəkədəki azadlıqdan sui istifadə edərək böhtan yazmaqla qrant almaq üçün canfəşanlıq etməkdə yarışa belə giriblər. Onlar sosial şəbəkələrdə fəallıq göstərən, radikal müxalifət partiyalarının yarıtmaz fəaliyyətini tənqid edən, Azərbaycanın uğurları haqqında çoxsaylı şərh və statuslar paylaşan vətəndaşların ünvanına təhqir dolu ifadələr işlətməkdən belə çəkinmirlər.
“Hər bir demokratik cəmiyyətdə, şübhəsiz ki, müxalifət olmalıdır… Kim müxalifətdə durursa–dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın!”. Ulu öndər Heydər Əliyevin müdrik çağırışını xatırladan Hüseyn Budaqov onu da vurğulayıb ki, dahi şəxsiyyət bütün fəaliyyəti boyu demokratik prinsiplərə böyük önəm verib, fərqli düşünənlərə həmişə hörmətlə yanaşıb, fikir plüralizmini, açıq sözü demokratik cəmiyyətin təməl prinsipləri hesab edib.
Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Tural Sadıqlı kimi şəxsi maraqları naminə dəridən-qabıqdan çıxan ünsürlər Vətənə, xalqa, mənəviyyatımıza ləkə olduqları üçün daim xalq tərəfindən nifrət və qınaq obyektinə çevriliblər.
Yaxşı olardı ki, siyasi mübarizənin bütün platformalarında məğlub olan Əli Kərimli və “Milli şura” üzvləri işlətdikləri əməllərə görə öz məsuliyyətini dərk etsinlər, cəmiyyət tərəfindən qətiyyətlə rədd edildikləriini başa düşsünlər. Bu günün reallığə ondan ibarətdir ki, şouları ilə gündəmə gəlməyə çalışan radikal müxtəlifətin fəallarını hər kəs satqın və dövlətinə xəyanət edən şəxslər kimi tanıyır.