Novruz bayramı lüğəvi mənasına görə yeni gün deməkdir. Novruz mövsüm, mərasim və gündəlik yaşamın dəyişilməsinə aid olan həyat bayramıdır. Novruz qədim tarixi köklərə dayanır və ona aid olan bütün adət-ənənələr də tarixidir.
Novruz bütün Türk dünyası, bütün Azərbaycan elləri üçün xarakterikdir. Bu bayram Kərkük, Anadolu elləri də daxil olmaqla Dərbəndə, bütün Orta Şərqə aiddir.
Bu fikirlər AMEA Naxçıvan Bölməsinin əməkdaşı Zaman Abbaslının “Novruz çərşənbələri” sərlövhəli məqaləsində yer alıb. yenigence.com məqaləni təqdim edir.
Fevralın 21-də Kiçik çillə Boz ay ilə əvəz olunur. Boz ayda ziddiyyətli hava şəraiti hökm sürür, havalar dəyişkən olur. Bu çillədə təbiətdə və cəmiyyətdə oyanma, canlanma baş verir. Ata-babalarımızın “Ağlar-gülər ay” adlandırdığı bu çillə qışdan soyuq günləri, yazdan, payızdan yağışlı günləri, yay fəslindən isə isti günləri almışdır. El deyiminə görə, çillənin üzü bozardı, onda martın üzü yazadır. Bu xüsusiyyətlərə görə əcdadlarımız bu çilləni “Boz ay”, “Buz ay”, “Cəmrələr ayı”, “Çıxmaz ay”, “Bayramlar ayı” da adlandırıblar. Dörd “cəmlə”ni özündə birləşdirən Boz ayın ilk həftəsi və ya çərşənbəsi “Çilləbeçə” adlanır.
Çərşənbələrin ardıcıllığı xalqımızın əski mifoloji dünyagörüşündən qaynaqlanır. Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşlərinin rəmzidir. Novruzqabağı qeyd olunan dörd ilaxır çərşənbə mərasimlərinin, ayinlərinin zənginliyi ilə seçilir. Bu adətlərin keçirilməsi Novruzun əsas tərkib hissəsi olan Su çərşənbəsi ilə başlayır.
Varlıq hikmətinə görə, kainat su, od, hava, torpaq deyilən 4 ünsürdən yaranıb. Hər il 4 çərşənbə günü Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. AMEA Folklor İnstitutunun əməkdaşı Şakir Albalıyevin sözlərinə görə, aşıqlar da “Ab, atəş, xak, baddan yarandım” deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Çərşənbə axşamı uğursuz (nəhs) sayıldığından pis qüvvələrini qovmaq üçün sehrli fəaliyyətlər həyata keçirilir. Nəhs çərşənbəsi müqəddəs çərşənbəyə çevrildi.
Birinci “Su çərşənbəsi” adlanır. Yəni bahara doğru çayların az da olsa buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin dörd bir tərəfinə çiləyərdilər, üzlərini yuyardılar.
İkincisi “Od çərşənbəsi” adlanır. Ona görə ki, yaza doğru günəş yavaş-yavaş torpağa həyat verir, isindirir, onu canlandırmaq üçün yeni ilə hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
Üçüncüsü “Yel çərşənbəsidir”. Yəni yel artıq azacıq oyanmış torpağı, yeni çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir, tozlandırır. Havalar axır, onun mehi var, səba yeli var, küləyi var. Hər quş öz küləyi ilə gəlir yazı qarşılamağa, məkanda yurd salmağa. Bir yel əsəndə deyirlər qaranquş gələcək. Bir cür də yel var əsəndə deyirlər hacıleylək gəlir. Yel də var deyirlər Hipobob-Şanapipik gəlir. Yel özü ilə evlərə ruzi-bərəkət, şənlik, körpələrə xoş təbəssümlər gətirir. Yazın gəlişi can gətirir, yemək gətirir quşlara. Quşlara Novruz həyatı gəlir: Yuva tikirlər, yumurta qoyurlar.
Dördüncüsü “Torpaq çərşənbəsidir”. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, Yel ilə qurutdu, onu yaratmağa hazırladı. Buna görə ilk yaz əkinini məhz “Torpaq çərşənbəsi” günündə başlayardılar. Qadınlar “Səməni, saxla məni, ildə göyərdərəm səni” nəğməsini səsləndirərək buğda isladardılar. Novruz bayramında xüsusi şirniyyatlar bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Bişirilən şirniyyatlar səma cisimlərinə bənzədilir. Qoğal Günəşi, şəkərbura Ayı, paxlava ulduzları təsvir edir.
İnanclara görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Ona görə xalq arasında onu “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlandırılar. Xalq inancına görə, adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od, Yel və Torpaq yeraltı məbədə qonaq gəlir və burada yatmış torpağı oyadırlar.
Torpaq insan yaradılışının əsas maddi səbəbi olmaqla bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. “Torpaq çərşənbəsi” torpağın canlanmasının mifik kökləri etibarilə dirilmə, canlanma, oyanma anlayışı ilə əlaqədardır.