Fevralın 7-də ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Daha doğrusu, Azərbaycanda Zəfər seçkisi olacaq. Bu, ölkədə qışda keçiriləcək ilk prezident seçkiləridir.
2016-cı ildə keçirilmiş Azərbaycanda Konstitusiya referendumundan sonra qəbul olunan dəyişikliklərə əsasən Azərbaycan Prezidenti 7 il müddətinə seçilir. Referendumdan sonra prezidentlik müddətinin 2018-ci ilin oktyabr ayında bitməsinə baxmayaraq İlham Əliyev növbədənkənar seçkiyə qərar verdi. Və beləcə, 2018-ci ilin aprelin 11-də növbədənkənar seçkilər keçirildi, Prezident İlham Əliyev 3394898 (86.02%) səs toplayaraq seçkiləri 1-ci sırada başa vuraraq 4-cü dəfə və 7 illiyinə Azərbaycanın dövlət başçısı seçildi.
Seçkinin özəlliyi
Növbədənkənar prezident seçkilərinin maraqlı özəllikləri var ki, onlara nəzər salaq:
1. Növbədənkənar prezident seçkilərinə dövlət büdcəsindən 110,9 milyon manat ayrılıb.
2. Zəfər seçkisi ölkə tarixində ilk dəfə qış ayında keçirilən, üstəlik sayca 3-cü olacaq növbədənkənar prezident seçkiləridir.
3. Qarabağın erməni işğalından azad edilməsi səbəbindən Azərbaycanda ilk dəfə olaraq prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək. İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq seçki məntəqələrində 20 min seçici MSK-nın yaratdığı 26 seçki məntəqəsi vasitəsilə səsvermədə iştirak edə biləcək.
Boykot əsirləri və ya seçkidən qaçanlar
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli və Müsavat Partiyası sədri Arif Hacılı seçkilərə 60 gün qala seçki tarixinin elan olunmasını tənqid ediblər. Onların iddialarına görə “belə bir tarixdə seçkilərin olmasını rəqabətə maneə, təşviqat üçün problemlidir”.
Hər iki partiya seçkiləri boykot edib.
AXCP və Müsavat liderləri həmişəki amplualarına sadiq qalaraq, iddialarını tragikomik “səbəb”lərlə izah etməyə çalışıblar.
Məsələn, Müsavat Partiyasının növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanatında deyilir: “Siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin, eləcə də potensial müşahidəçi missiyalarının seçkilərə hazırlaşmaq imkanını minimuma endirilib. Seçki kampaniyasının tətillərin çox, günlərin qısa, havanın soyuq dövrünə düşməsi əhalinin seçki prosesində aktivliyinin azalmasına səbəb olacaq”.
Arif Hacılının imzası ilə yayılan bəyanat siyasi absurd və məntiq primitivizmi sayıla bilər.
Əvvəla, siyasi müxalifətlə “dəyişikliklər istəyən təbəqələr”in növbədənkənar prezident seçkilərində iştirakı bütün əvvəlki illərlə müqayisədə daha aktiv, genişmiqyaslı və intensivdir. Belə ki, Azərbaycanın müasir siyasi tarixində ilk dəfə (!) olaraq hakimiyyətə radikal müxalifətdə olan yerli siyasətçilərlə yanaşı, xarici ölkələrdə yaşayıb həmin ölkələrin xüsusi xidmət orqanlarının tam kontrolunda “müstəqil fəaliyyət” göstərən və təlimatları yerinə yetirən “bloqer”lərlə “siyasi mühacirətdə olan şəxslər” belə, seçkilərə qatılmaq niyyətlərini bəyan etmişdilər.
“Tətillərin çox, günlərin qısa, havanın soyuq dövrünə düşməsi əhalinin seçki prosesində aktivliyinin azalmasına səbəb olacaq” iddiası ümumiyyətlə, birmənalı təsir bağışlamır.
İslandiya, Finlandiya, Kanadanın əksər hissəsi, İsveç, Norveç və ABŞ-ın Alyaska ştatı qış aylarında havaların əsla mülayim, yaxud subtropik olmadığı məkanlardır. Fəqət, orada müxalifət partiyaları seçkilərin soyuq havada, günlərin qısa vaxtda olduğu zamanda keçirilməsini bəhanə edərək boykota əl atmırlar.
Rusiyanın Sibir, Uzaq Şərq və habelə, Şimal Qütb dairəsinə yaxın bölgələrinin sakinləri də qış aylarında keçirilən seçkilərə qatılırlar. Qeyri-iş, istirahət və bayram günlərinin “çoxluğu” iddiası da ciddi olmadığından, şərhə belə dəyməz.