Şahmar Həsənov,
Azərbaycan Texnologiya Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru
İstər sovet hakimiyyəti illərində, istərsə də, müstəqillik illərində Azərbaycanda tutduğu bütün vəzifələrdə yalnız azərbaycançılıq üçün çalışan, böyük vətənpərvər Ulu Öndər Heydər Əliyev həyatının əsas hissəsini öz xalqının və dövlətinin inkişaf etməsinə həsr etmişdir. 1987-ci ildə Azərbaycanı istəməyən qüvvələr tərəfindən SSRİ rəhbərliyindən uzaqlaşdırılan Heydər Əliyev işsiz qaldığı illərdə belə, öz bəyanatları və çıxışları ilə göstərmişdir ki, o, vəzifədən kənarlaşdırılmasına baxmayaraq SSRİ də, hələ də, Azərbaycan üçün çalışır və onun ən böyük müdafiəçisidir. Azərbaycana qayıtmağa qadağaları olmağına baxmayaraq, ilk fürsətdə vətənə qayıdan Heydər Əliyev Naxçıvana gedir və yeni bir Azərbaycan qurmaq üçün oradan yola çıxır.
1990-cı ili iyul ayının 22-də Naxçıvana qayıdan Ulu Öndər əhali tərəfindən böyük sevinc, ruh yüksəkliyi və ümidlə qarşılanır. Naxçıvan əhalisi artıq oyanmışdı. Sovet imperiyasının gələcəyini görə bilməyən xalqın tələbi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti hələ 1990-cı il yanvarın 19-da SSRİ tərkibindən çıxmaq haqqında qərar qəbul etmişdi. Siyasi fəaliyyətə Naxçıvana qayıtdığı gün başlayan Heydər Əliyev iyulun 22-də təyyarədən birbaşa Naxçıvan şəhər mərkəzi meydanında toplaşmış 30 min insanla görüşə getdi. Həmin görüşdə Heydər Əliyev çıxış edərək bildirdi ki, “ Azərbaycan xalqı respublikanın ərazi bütövlüyü, suverenliyi, dövlət müstəqilliyi və azad Azərbaycan uğrunda mübarizə aparacaqdır”. O dövrdə, belə bir nitq söyləməyə yalnız Heydər Əliyev kimi nüfuzlu siyasi xadimin və böyük şəxsiyyətin cəsarəti çatardı. Artıq müstəqil Azərbaycan uğrunda aktiv siyasətə atılan Ulu Öndər 1991-ci il sentyabrın 4-də Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının xalq deputatı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Qeyd edim ki, sessiyada iştirak edən 75 deputatdan 70 nəfəri Heydər Əliyevin lehinə səs verdi, 5 nəfər isə bitərəf qaldı. Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında mandat uğrunda səslərin 95%-ni toplayan yeganə şəxs oldu.
Hələ Naxçıvan MR-ın Ali məclisinin sədri seçilməmişdən öncə xalq deputatı kimi, Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan parlamentinin sessiyası Muxtar Respublikanın adından “Sovet Sosialist” sözlərini götürdü və “Ali Sovet” sözünü “Ali Məclis” sözü ilə əvəz etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Eyni zamanda qərara alındı ki, Azərbaycan Demokratik Respublikası dövründə mövcud olmuş üçrəngli dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-nin dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR-i Ali Sovetindən xahiş edilsin. Həmçinin Naxçıvan MR-nın digər rəmzi – dövlət gerbi haqqında məsələnin öyrənilib Naxçıvan MR Ali Məclisinin müzakirəsinə verilməsi nəzərdə tutuldu.
Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev Naxçıvanı erməni təcavüzündən qorumaq sahəsində böyük işlər görmüşdür. 1992-ci il mayın 18-də Naxçıvana qarşı erməni silahlı dəstələrinin hərbi təcavüzü başlanmışdır. Hadisə başlayan kimi Heydər Əliyev bu məsələ ilə bağlı təcili olaraq Ali Məclisin iclasında müzakirə keçirdi. Dərhal siyasi, hərbi və müdafiə xarakterli tədbirlər həyata keçirildi. Heydər Əliyev həm dünya ictimaiyyətinə həmdə, respublika əhalisinə televiziya və radio vasitəsilə müraciət etdi. Bu məqsədlə Türkiyə ilə əlaqələr daha da sıxlaşdırıldı. Türkiyənin Nazirlər Kabineti isə mayın 18-də Naxçıvana qarşı başlamış erməni təcavüzünü pisləyən bəyanat verdi. Bəyanat bütün dünyaya yayıldı. Heydər Əliyev bu bəyanat haqqında demişdir: “ Türkiyə hökumətinin bu bəyanatında 1921-ci il Qars müqaviləsinə əsaslanan Naxçıvan MR haqqında xüsusi səs sahibi olması, qarant rolunu oynaması məsələsi qeyd olunub və bu, dünyaya çatdırılıbdır”. Bütün görülmüş tədbirlərin nəticəsi olaraq, artıq mayın 22-nə qədər 57 dövlət rəsmi surətdə Ermənistanın Naxçıvana hərbi təcavüzünü pisləmiş oldu.
1992-ci il mayın 28-də Sədərəkdə Araz çayı üzərində salınmış Naxçıvanla Türkiyə arasında körpünün açılışı oldu. Heydər Əliyev həmin körpünü arzu və ümidlərin körpüsü adlandırırdı. Mərkəzi hökumətin Naxçıvana göstərdiyi bütün təzyiqlərə baxmayaraq, Heydər Əliyev bütün Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini davam etdirdi. Bunu nümayiş etdirən hadisələrdən biri də Naxçıvan MR Ali Məclisinin “ 31 dekabr Dünya azərbaycanlılarının birlik və həmrəylik günü” haqqında qərar qəbul etməsi idi.
Beləliklə, blokada şəraitində olan Naxçıvanın bütün çətinliklərə rəğmən yaşaya bilməsi Heydər Əliyevin sayəsində təmin edildi və bu müstəqilliyə və azadlığa can atan Azərbaycan uğrunda ilk addımlar idi.