Çinarə Səfərova,
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi
NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə səfəri, cənab Prezidentimiz İlham Əliyev tərəfindən qəbul ediməsi və mətbuata verilən bəyanatlar xüsusi əhəmiyyət daşıyır. Məlumdur ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Azərbaycan – NATO münasibətlərinin təməli 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə qoyulub. Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb.Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Əfqanıstanı ən gec tərk edən ölkənin Azərbaycan olması o deməkdir ki, Azərbaycan NATO qüvvələrinin xilas edilməsində müstəsna rol oynayıb. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. İndi də Azərbaycan-NATO dialoqu davam edir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini müsbət qiymətləndirən Yens Stoltenberq qazın çatdırılmasında, elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynadığını etiraf etdi. Öz dili ilə söylədi ki, Azərbaycanın Əfqanıstanı sonuncu tərk edən ölkə olması NATO qüvvələrinin təhlükəsiz çıxmasında müstəsna rol oynayıb, bu isə Prezident İlham Əliyevin xidmətidir. Onu da qeyd edim ki,1999-2008-ci illərdə Azərbaycan NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak etmişdir.
Ölkə Prezidentimizin Azərbaycanın özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməsinin uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsi olduğunu deməsi tarixi əhəmiyyət daşıyır:
“Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik.”
NATO Baş katibinin Azərbaycanın Ukraynaya etdiyi humanitar yardımları yüksək qiymətləndirməsi də etirafdır. Ukraynada müharibənin fəsadlarından narahat olan, vəziyyətin ağır olduğunu deyən Yens Stoltenberqin humanitar yardımların artırılmasını xahiş etmişdir.Bu isə bir sıra suallar doğurur: özlərini Ukraynanın müdafiəçisi kimi qələmə verən, ərazisi böyük, əhalisi çox olan ölkələr nə üçün ukraynalılara Azərbaycandan az humanitar yardımlar ediblər? Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı Azərbaycana heç bir yardım göstərməyən ölkələr, təşkilatlar nə üçün indi Azərbaycan rəhbərindən humanitar kömək istəyirlər? Bu, bir tərəfdən, bu ölkələrin düşmüş olduqları ağır şəraitdən çıxmaq üçün Azərbaycana möhtac olduqlarını göstərirsə, digər tərəfdən də regionda Azərbaycan-Rusiya münasibətlərini pozmaq cəhdləri ilə bağlıdır.Sözsüz ki, belə niyyətdə olanlar bilməlidirlər ki, Azərbaycan dövləti heç bir dövlətin, dövlətlər qrupunun deyil, özünün milli maraqlarının yanındadır.