“Demək olar ki, bütün şəhər və rayaonlarda Olimpiya kompleksləri və idman sarayları faəliyyət göstərir. İdmançılarımız da mötəbər idman yarışlarında mütamadi olaraq Azərbaycanı yüksək səviyyədə təmsil edirlər. Heydər Əliyev Fondu tərəfindən Bakı və Gəncə şəhərlərində marafonlar təşkil olunur. Gənclər və İdman Nazirliyinin xətti ilə gənclərin sağlamlıq festivalları, mədəni-kütləvi aksiyalar, maarifləndirici tamaşalar, fiziki fəallıq festivalları keçirilir. Ancaq əhali arasında sağlam həyat tərzinin kütləviləşməsi üçün hər bir məhəllədə idman qurğularının inşa edilməsi zərurəti yaranıb. Bu məsələnin də diqqət mərkəzində saxlanılmasını və adiyyəti qrumları bu işin icrası üçün təşviq edilməsini xahiş edirəm”
“Report”un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gələn ilin büdcəsi ilə bağlı müzakirələr zamanı deputat Naqif Həmzəyev bildirib.
Məhəllələrdə idman qurğularının inşa edilməsinin vacibliyini qeyd edən deputat vurğulayıb ki, Gənclər Fonduna əlavə vəsait ayrılarsa, onlar bu işi Şəhər İcra Hakimiyyəti və bələdiyyələrlə birlikdə daha sistemli və kefiyyətli formada icra edə bilərlər, yaxud sahibkarlara hər hansı bir vergi güzəşti tətbiq edilərsə, onlar da bu qurğuların inşasına öz töhfələrini verə bilərlər.