“Müasir Azərbaycan gəncləri harada, hansı ölkədə yaşamasından asılı olmayaraq dünyada yaşanan geosiyasi təlatümləri, regional siyasi dəyişiklikləri diqqətlə izləyirlər. Dünyada baş verən siyasi proseslərə analitik siyasi düşüncə tərzi ilə yanaşan gənclərimiz Prezident İlham Əliyevin yürütdüyü siyasətin alternativsiz olduğunu görür, dövlətimizin daxili və xarici siyasətdəki uğurlarını, ölkə rəhbərinin beynəlxalq məsələlərdə tutduğu mövqeyi və bu istiqamətdə atılan addımları hər zaman dəstəkləyirlər”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib. O, təəssüflə qeyd edib ki, internet üzərindən yayımlanan informasiya axınında neqativ hallarla, müharibə, zorakılıq, müxtəlif növ cinayətlərlə bağlı məlumatların geniş yer alması, bu kimi digər neqativ informasiyaların cəmiyyətin ictimai, sosial və mədəni həyatına geniş şəkildə sirayət etməsi bəzi gənclərin şüuruna mənfi təsir göstərir. Deputatın fikrincə, hər zaman pusquda duran antimilli qüvvələr sosial şəbəkələrin imkanlarından istifadə edərək, Azərbaycanın uğurlarına kölgə salmaq üçün məkrli planlarının reallaşdırılmasında gənclərdən istifadə etməyə cəhd edirlər.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev bildirib ki, internet üzərindən dövlətə və xalqa qarşı düşmənçilik, xəyanət, satqınlıq, riyakarlıq nümayiş etdirən Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı kimiləri çirkin məqsədləri naminə Azərbaycan gənclərini düzgün yoldan çəkindirməyə, onları antimilli planlarına alət etməyə çalışırlar: “Prezident İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı Azərbaycanda gənclərin tərbiyə işinə yeni müstəvidən baxılmasına toxunaraq qeyd edib ki, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Dövlət başçısının qeyd etdiyi kimi, biz buna imkan verə bilmərik, gənclər özləri də məlumatlı olmalı, tarixi yaxşı bilməlidirlər”.
Millət vəkili qeyd edib ki, ölkəmizin uğurlarına, atılan addımlara qara eynəkdən baxan, düşmən dəyirmanına su tökənlər gəncləri sağlam düşüncədən, real yanaşmadan təcrid etməyə, onların beynini öz çirkin niyyətlərindən irəli gələn əsassız fikirlərlə zəhərləməyə çalışırlar: “Belə qüvvələr unutmasınlar ki, ölkəmizdə Azərbaycan gənclərinin gələcəyini yüksək səviyyədə qurmaq üçün geniş imkanlar mövcuddur. Şəxsi ambisiyaları naminə gənclərimizi zəhərləyən siyasi oyunbazlardan, avantürasından özünü qorumaq hər bir Azərbaycan vətəndaşının əsas vəzifəsi olmalıdır. Azərbaycançılıq ideologiyasına əsaslanan tərbiyədə təkcə təhsil işçiləri, təlim-tərbiyə sahəsində çalışan mütəxəssislər deyil, hər kəs səfərbər olmalıdır. Gəlin, ölkəmizin daha da qüdrətli dövlətə çevrilməsi, çiçəklənməsi naminə sabahımız olan gəncliyimizi qoruyaq”.