“Məclisdən kənar” söhbətlər…
Günel Abbasla
Müsahibimiz 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin deputatı Naqif Həmzəyevdir. Millət vəkili fəaliyyət dövrünün əvvəllərində Gəncə şəhərində müxtəlif vəzifələrdə çalışıb. Hazırda Milli Məclisin insan hüquqları, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür.
– Naqif bəy, əvvəlcə əhvalınızı soruşaq, necəsiniz, nələr edirsiniz?
– Çox sağ olun, yaxşıyam. Fevral ayının bizim üçün qəmgin və çətin keçməsinə baxmayaraq, bu il əvvəlkindən daha qürurlu idik. Çünki Xocalı faciəsinin 30-cu ildönümündə şəhidlərimizin qisası alınıb. Cənab Prezidentin başçılığı ilə postmünaqişə dövründə həyata keçirilən siyasət öz nəticəsini verib. Sözsüz ki, bu siyasətlə regionda davamlı sülhə nail olacağıq. Müharibədən sonra hər nə qədər başımız dik, alnımız açıq olsa da, başımıza gətirilənləri unutmamalıyıq.
– Cəmiyyətdə gedən ümumi proseslərə kənardan necə qiymət verirsiniz?
– 2020-ci ildən başlayaraq pandemiya dünya iqtisadiyyatını çətin vəziyyətə saldı. Bu proseslər Azərbaycanda da hiss olunur. Məlumdur ki, pandemiya bitməyib, hələ də müşahidə olunur. Ümumilikdə dünyada vəziyyət heç də ürəkaçan deyil. Bu da özünü cəmiyyətdə büruzə verir, insanların həyat tərzinə təsir edir. Hazırda İlham Əliyevin rəhbərliyi altında sosial layihələr uğurla davam etdirilir. Qazilər, şəhid ailələri və keçmiş məcburi köçkünlərin rifahının yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ancaq bütün bunlara baxmayaraq müəyyən qayğılarımız da var. İnsanlarla ünsiyyət zamanı gənclərin məşğulluq məsələləri ilə bağlı problemlər xüsusilə hiss olunur. Ümumilikdə onu deyə bilərəm ki, insanlarımız nikbindir, qələbə ruhunu qoruyub saxlayırlar. Pandemiya bitdikdən, iqtisadi cəhətdən gücləndikdən və Qarabağa qayıdış yekunlaşdıqdan sonra vətəndaşların sosial rifahı daha da yaxşı olacaq.
– Sizi mülayim insan kimi tanıyırlar. Bu təkcə iş həyatında belədir?
– Hərənin bir həyat tərzi var. Bacardığım qədər həyatımı tələsmədən, sakit yaşamağa çalışıram. Məni əsəbiləşdirə biləcək insanlardan uzaq dururam. Ətrafımda çox vaxt hörmət etdiyim insanlar olur. Əksi olanda çalışıram ki, bu vəziyyətdə də balansı qoruyum. Tanrı bizə düşünmək qabiliyyyəti veribsə, gücdən istifadə etməyin heç bir mənası yoxdur.
– Seçicilər hər zaman birgə fəaliyyətdən razı qalırmı?
– Bizə hər gün müxtəlif müraciətlər olur, onları vaxtında həll etməyə çalışırıq. Deputatın səlahiyyətləri koordinator rolunu oynamağa imkan verir. Bu mənada problemləri aidiyyəti qurumlara çatdırmaq öhdəliyimiz var. Bəzən ünvana çatdırılan problemin həlli mərhələsi uzanır, bəzən də şəxsi münasibətlərdən istifadə edib məsələni daha tez həll edirik. Bütün vəziyyətlərdə vətəndaşlarla açıq olmağa çalışıram. Əgər məsələnin həll yolu bizdən asılı deyilsə, bunu onlara razı qalacaqları dillə izah edirik. Hərdən işlə bağlı olan məsələlərin həllində hər birinə kömək edə bilmirik. Bu cür hallar məni məyus edir, ancaq hər zaman həmin vətəndaşları diqqətdə saxlayırıq. Bu gün olmasa da, başqa zaman işıq yolu varsa, onlarla əlaqə saxlayırıq.
– Məsələnin həll yolunun olmadığını deyəndə necə reaksiya verirlər?
– Seçicilərdən çox razıyam. Belə vəziyyətlərdə olduqca anlayışlı davranırlar. Gəncə elə bir yerdir ki, orada hamı bir-birini tanıyır. Onlar da bilir ki, mən problemin həlli üçün maksimum çalışıram.
– Parlamentin 15 fevral tarixli plenar iclasında sınaq imtahanlarının qiyməti və bir neçə vacib məsələ haqda fikir bildirdiniz, təkliflər irəli sürdünüz. Bu məsələləri sizə seçiciləriniz çatdırır, yoxsa öz müşahidələrinizdir?
– Sosial şəbəkələrdə aktiv olduğumdan şəxsən özümə çoxlu müraciətlər ünvanlanır. Eyni müraciətin sayı artanda bunun sosial problem olduğunu anlayır və parlamentin iclaslarında səsləndirirəm. Eynilə bu məsələ ilə bağlı da çoxsaylı müraciətlər ünvanlanırdı. Valideynlər sınaq imtahanlarının qiymətinin həddindən artıq baha olmasından narazıdırlar. Elə ailələr var ki, onlarda bir neçə abituriyent qəbul imtahanına hazırlaşır. Abituriyentlərin hər birinin sınaq imtahanlarında iştirakını təmin etmək çətindir. Hətta magistraturaya qəbul üçün keçirilən imtahanların da ödənişi yüksəkdir. Elə tələbələr var ki, bu səbəbdən imtahanda iştirak edə bilməyib. DİM tərəfindən keçirilən digər imtahanların qiymətinə qarışmırıq, ancaq sınaq imtahanlarına xüsusi diqqət etmək lazımdır. Çünki həmin imtahanlarda iştirak edənlər bizim gələcəyimizdir.
– Cəmiyyətdə problem kimi gördüyünüz və diqqətə çatdırmaq istədiyiniz daha nələr var?
– Pandemiya bizi bəzi məsələlərdə səbirli olmağa təhrik edir. Digər məsələlər isə mütləq öz həllini tapmalıdır. Birinci növbədə, şəhərlərarası nəqliyyatın müasir zamanla ayaqlaşmasını təmin etməliyik. Çünki bu gün ən dəyərli məfhum vaxtdır. Sərnişinlərin ölkə daxilində təyyarə ilə daşınılması aktual olmalıdır. Elə insan var ki, bir günə Bakıda hansısa işini həll edib rayona qayıtmaq istəyir, vətəndaş üçün bunu təmin etmək lazımdır. İnternetin sürəti ilə bağlı da narazılıqlar var. Azərbaycanda internet sahəsində sağlam rəqabət qurulmalıdır, artıq on il bundan qabaqkı dövr deyil. Qiymətləri aşağı salıb, keyfiyyəti artırmalıyıq. Digər məsələ Qarabağa qayıdış məsələsidir. Gəncə şəhərində də çoxsaylı məcburi köçkünlər var, onları da təmkinli olmağa çağırırıq, qayıdış prosesi tədricən yekunlaşacaq. Çünki Qarabağda daş üstündə daş qalmayıb. Biz o yerlərdə hər bir obyekti, yaşayış məskənlərini yenidən tikirik.
– Hobbiləriniz nələrdir?
– Daha çox idmana bağlıyam. Sağlam qidalanmağa çalışıram. Yoqa və üzgüçülüyə vaxt ayırıram. Eləcə də təbiətdə vaxt keçirməyə xüsusi önəm verirəm.
– Bunlara hər zaman vaxt ayıra bilirsinizmi?
– Gün ərzində vaxtımı yaxşı idarə edirəm. Əvvəl bununla bağlı problem yaşayırdım, ancaq indi heç bir narahatlıq yoxdur. Ən azından həftədə dörd dəfə idmana vaxt ayırıram, əks halda müəyyən yaşdan sonra həkimlərə və dərmanlara üz tutacağam (gülür).
– İncəsənətlə münasibətiniz necədir?
– Uşaq vaxtı incəsənət məktəbində tar sinfini bitirmişəm. Əvvəllər ifaçılığa daha çox vaxt ayırırdım, indi isə dinləyirəm. Bəzi hallarda ailəmin, yaxınlarımın xahişi ilə ifa edirəm.
– Neçə övladınız var?
– Banu və Nuhun adında iki övladım var.
– Nuhun maraqlı addır. Haradan qaynaqlanır?
– “Dinim Nuh, köküm Hundur” mənasını daşıyır. Türkçülüyü və dinimizi özündə birləşdirir.
– Övladlarınızı necə böyüdürsünüz?
– Əvvəla, övladlarıma şəxsi mülküm kimi yanaşmıram, məncə, bu bir çox valideynlərin diqqət etməli olduğu məsələdir. Sadəcə, valideyn kimi onlara lazımi şəraiti yaradırıq, bu bizim borcumuzdur. Hər şeyin asan əldə olunacağını düşünməsinlər deyə onları çətinliklərə də öyrəşdiririk.
– Dövrün bəlalarından biri də budur. Çox vaxt uşaqlar çətinliyə tab gətirməyi bacarmırlar. Bunun qarşısını almağın spesifik bir yolu varmı?
– Övladlarımızı dinləməli, onlara psixoloji dəstək olmalıyıq. Bacardığımız qədər uşaqları kompüter qarşısından ayırıb cəmiyyətə adaptasiya etməliyik. Əks halda övladlarımızı itirmiş oluruq. Onların seçimlərinə hörmət etməli, bu yolda onlara tam yox, yüngülcə dəstək olmalıyıq.
– Zəmanə uşaqlarını texnologiyadan ayırmaq asandırmı?
– Uşaqlara maraqlı alternativlər təqdim etdikdə bu mümkündür. Məsələn, mən öz övladımı kompüter texnologiyasına yönləndirdim. Tədricən başa düşdü ki, bu avadanlığın ərsəyə gəlməsi olduqca çətindir. Artıq o kompüterdən lazımi qədər istifadə etməyə başladı. Seçimləri təqdim etmədiyimiz üçün onlar digər istiqamətlərə yönəlirlər.
– Ölkəmizdə hazırda təhsil sahəsi hansı səviyyədədir?
– Təhsil elə bir sahədir ki, burada maksimumu əldə etmək çox çətindir. Azərbaycanda hazırda təhsil sahəsində böyük islahatlar həyata keçirilir. Şagirdlərə nəzəri biliklərlə yanaşı praktiki biliklər də aşılanır. Artıq müasir dövrün kadrlarını hazırlaya bilirik. Neqativlər gündən-günə azalır, buna baxmayaraq daha çox çalışmalıyıq. Həm valideyn kimi aktivlik göstərməliyik, həm də cəmiyyət olaraq təhsilimizin güclü olması üçün çalışmalıyıq.
– İnsan hüquqları komitəsinin üzvü kimi hazırda cəmiyyətdə insan hüquqlarının pozulmasının artması kimi hallarla bağlı hansı fikirdəsiniz?
– Cəmiyyətdə xoşagəlməz hadisələr bütün zamanlarda olub. Ancaq hazırda bu tip xəbərlər dövrdən asılı olaraq daha çox yayılır. Biz hər kəsi özümüzə bənzətmək istəyirik. İnsanlar bir-birinin seçimlərinə anlayışla yanaşmalıdırlar. Xüsusilə sosial mediada baş verən hadisələrə göstərilən reaksiyalar bəzi insanlarda əks-təsir göstərir. Qadınların haqlarının qorunması məsələsinə də xüsusi diqqət göstərilməlidir. Əvvəlcə kənd yerlərindən başlayaraq qızların təhsil almasını təşkil etməliyik. Övladlarımızı ailə qurmaq üçün tələsdirməməliyik. Onları təhsil və karyeraya yönləndirməliyik, ailə qurmağı özləri dərk edib istəməlidirlər.
Vətəndaş sualları:
– Veqan biri kimi hansı çətinliklər ilə qarşılaşır?
– Əvvəllər çətinliklərlə çox qarşılaşırdım, hətta evdə qəsdən elə yeməklər hazırlayırdılar ki, normal yeməklərə qayıdım. Bakıdan fərqli olaraq digər bölgələrdə veqan yeməklər təqdim edən məkanlar çox azdır. Bu baxımdan bir qədər çətinlik olurdu. Ancaq hazırda heç bir məkan olmasa da, mənim üçün problem yaranmır, bəzən nahar üçün bir alma da bəs edir.
– Neçə vaxtdır ət və heyvan məhsullarından istifadə etmirsiniz?
– Artıq 6 ildir ki, ət və heyvan məhsulları tipli qidalardan uzağam. Məncə, bu lazımlıdır, çünki zamanında çox yemişik (gülür).
– Deputatı olduğu ərazidə ötən il neçə seçici ilə görüşüb?
– Bununla bağlı Milli Məclisə hesabat veririk, eyni zamanda sosial media hesablarında da paylaşırıq. Bacardığımız qədər bütün müraciətlərin həllinə çalışmışıq. Elə məsələlər də var ki, hazırda icradadır. İstənilən halda müraciətlərin həlli istiqamətində bir gün keçmədən aidiyyəti qurumlara müraciət edirik.
– İşə yenə metroyla gedir?
– Pandemiyadan sonra pik saatlarda metrodan istifadə etmirəm. Çünki özümüzü və ətrafımızdakıları qorumalıyıq.
– Tarixi dəyəri olan memarlıq binalarının özəlləşdirilməsi nə dərəcədə doğrudur? Həmin binalara nə üçün “tarixi abidə” statusu verilmir?
– Konkret hansısa bir tarixi abidədən söhbət getsə idi, ona dəqiq cavab vermək olardı. Ancaq ümumilikdə tarixi binaların dövlət tərəfindən mühafizə olunmasının tərəfdarıyam. Düzdür, bir çox binalar mühafizə olunur, prosesdən kənar qalan binalar ola bilsin ki, şəxsi mülklərdir.
– Darıxanda nə edir?
– Adətən insan boş olanda darıxır. Qrafik o qədər gərgindir ki, boş olan kimi dincəlmək istəyirik. Uzun müddətdir darıxmaq hissindən uzaq olduğuma görə, bununla bağlı düşünməmişəm.
– Pandemiya nə vaxt sona çatacaq?
– Hazırda bu istiqamətdə dövlətimiz tərəfindən lazımi işlər görülür. İnsanlardan peyvəndlənmədə tam şəkildə iştirak etmələrini xahiş edirəm. Belə olacağı təqdirdə koronavirusa qalib gələcəyik və pandemiya mümkün qədər tez bitəcək.
“Yeni Azərbaycan” qəzeti