yenigence.com YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyevin yap.org-a müsahibəsini təqdim edir:
– Bütün dövlətlərlə, qonşu ölkələrlə mehriban şəraitdə, dostluq və əməkdaşlıq prinsipləri çərçivəsində siyasət yürüdən Azərbaycanın milli maraqlarının qorunması baxımından vacib olan telefon danışığında bir sıra mühüm məsələlərə toxunulub. Bu da milli maraqlarımızın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat, işğalçı dövlətin növbəti təcavüz aktı nəticəsində silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığı, yararsız hala düşdüyü, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizin həlak olduğu barədə məlumat verib. Ölkə başçımız, həmçinin Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu da xatırladıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb. Sözsüz ki, iyul ayında Ermənistan ordusunun iki ölkə arasındakı sərhəd xəttində yaratdığı hərbi-siyasi təxribatdan sonra Rusiyanın Ermənistanı silahlandırmaqda davam etməsi arzuolunmaz haldır. Ermənistana silah göndərməsi Rusiyanın strateji müttəfiq hesab etdiyi Azərbaycanın milli maraqlarını nəzərə almaması anlamına da gəlir. Rusiya Federasiyası hazırki mürəkkəb tarixi mərhələdə Cənubi Qafqaz regionunda sülhə, təhlükəsizliyin qorunub saxlanmasına xidmət etmək əvəzinə Ermənistanı silahlandırmaqla məşğuldur. Bu da hər şeydən əvvəl beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü missiyaya uyğun deyil. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Ermənistana işğalçı siyasətini həyata keçirməkdə qol-qanad verir, geniş imkanlar yaradır. Rusiyanın da üzv olduğu 25 ildən artıq bir müddətdə üzərinə götürdüyü vəzifəni icra edə bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi bu təşkilta olan inamı heçə endirib. Son hadisələr, Rusiyanın təcavüzkar Ermənistanı silahlandırması həmsədrlik institutunun tərkibində dəyişikliklər edilməsi məsələsini Ermənistanın beynəlxalq hüquq normalarını pozmasına əhəmiyyətsiz və hadisəyə dəxli olmayan söz yığınından ibarət bəyanatlar səsləndirməklə işini bitmiş sayan ATƏT-in Minsk qrupunun buraxılmasını, onun fəaliyyətinin yenidən təşkilinə baxılmasını gündəmə gətirdi. Eyni zamanda, Minsk qrupu öz missiyasını həyata keçirə bilmirsə, o zaman həmsədrlər əvəzlənməli və Minsk qrupuna üzv olan ölkələrdən digərləri həmsədrlik missiyasını öz üzərinə götürməlidir. Bölgədəki sabitlik və əmin-amanlıq, mehriban qonşuluq siyasətinin yürüdülməsi üçün bu məsələdə ən real namizəd regionda tarixi-siyasi və mənəvi məsuliyyəti olan Türkiyədir. ATƏT-in Mink qrupunda təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməsi daha məqsədəuyğundur.
– Naqif müəllim, Ermənistanın baş naziri Nikol Paşinyan Britaniyanın BBC-nin “Hard Talk” proqramına müsahibəsində iyul ayında baş vermiş Tovuz döyüşlərində Azərbaycanı “ilk hücumu etməkdə” ittiham etdi.
– İşğalçı dövlətin baş nazirinin qeyri-peşəkarlığı, özünü komik vəziyyətə salmasının Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə debata çıxması zamanı da şahidi olmuşduq. Bu dəfə də Paşinyan BBC-nin aparıcısı Stefan Sackurun çox düzgün və haqlı sualları qrşısında özünü rüsvay etdi. Paşinyanın BBC-yə müsahibəsində ingilis dilində zəif danışmasını, diplomatik bacarıqsızlığını ermənilərin uydurduğu “nağıl”larla örtməyə çalışması meydanlarda narıncı inqilab vasitəsilə hakimiyyətə gələn bu şəxsi çox gülünc vəziyyətə saldı. Ermənistanın təcavüzkar olması ilə bağlı bütün beynəlxalq hüquq normalarının, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların, BMT kimi bir qurumun 4 qətnaməsinin olduğu halda BBC telekanalına müsahibəsində dünya ictimaiyyətini aldatmağa çalışması Ermənistanın baş naziri Nikol Paşinyanın siyasət səhnəsindəki biabırçılıqlarının davamıdır. BBC-nin “Hard Talk” (“Çətin söhbət”) proqramında Paşınyan verilişin adından da göründüyü kimi çətin vəziyyətə düşür. Paşinyan Stefan Sackurun “siz Dağlıq Qarabağa səfərləriniz zamanı təxribatçı bəyənatlar verib hadisələri daha da gərginləşdirirsiz?” sullardan yayınır. İşğalçı baş nazir bu suala cavab verməkdənsə, min illik tarixi olan Dağlıq Qarabağın Ermənistanın olması ilə bağlı udurma nağıllardan danışır. Peşəkar aparıcının Ermənistan Azərbaycana qarşı təcavüz törətməsi, Ermənistan hakimiyyətinin Azərbaycan xalqından üzr istəməsi kimi sualları qarşısında işğalçı hakimiyyətin baş naziri dərsə hazır olmayan şagirdə bənzəyir. O, vəziyyətdən çıxmaq, işğalçı əməllərinə haqq qazandırmaq üçün iyul ayında baş vermiş Tovuz döyüşləri ilə bağlı Azərbaycanı “ilk hücumu etməkdə” ittiham etməyə çalışdı. Sözsüz ki, Paşinyanın ağ yalan olan ittihamı özünün sərsəmliyini ifşa etdi. Aparıcının “Siz özünüz son aylarda gərginliyi artıran bir sıra təxribatçı hərəkətlərə yol vermisiniz. Məsələn, niyə siz keçən ilin avqust ayında “Stepanakert”ə (Xankəndinə) gedərək “Artsax (Siz Dağlıq Qarabağı belə adlandırırsız) Ermənistandır və nöqtə” bəyanatını etdiyiniz? Bundan sonra sizi dinləyən kütlə Ermənistanla birləşməyə dair çağırışlar etməyə başladı. Bu, Azərbaycana qarşı açıq-aydın bir təxribat idi” söyləməsi işğalçı hökumətin iç üzünü dünya ictimaiyyətinə açıq-aydın göstərdi. Hətta, verilişin internet səhifəsindəki təqdimetmə mətnində Paşinyan haqqında belə bir ifadə var: “O, hakimiyyəti siyasi islahatlar vədi ilə ələ keçirmişdir, bəs necə oldu ki Ermənistan hələ də köhnə müharibələrə qərq olmuş vəziyyətdədir?”. BBC-nin nüfuzlu proqramının internet səhifəsində, anonsunda, təqdimatında belə bir fikrin yer alması bir daha göstərdi ki, Ermənistanda baş verən hadisələrdə, xalqın düşdüyü acı durumda Paşinyanın yalançı vədlərinin də payı var. Eyni zamanda BBC telekanalı hay-küylə hakimiyyətə gəlmiş “siyasətçi”ni öz dili ilə ifşa etdi. Paşinyanın ənənəvi “erməni nağıl”larının BBC-nin təcrübəli jurnalistinin süzgəncindən keçərək yalan, cəfəngiyat olduğu aydın çəkildə dünya ictimaiyyətinə göstərildi. Bu həm də işğalçı dövlətin yanlış siyasətinə Qərbin münasibətinin dəyişdiyinin nümunəsi oldu.