“Yeni Azərbaycan Partiyasından qarşıdan gələn növbəti parlament seçkilərində kimlərin namizəd olacağı aparılan tədqiqatdan asılıdır.”
Bu barədə açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzovun sözlərinə görə, artıq YAP-ın seçki proqramına uyğun olaraq bu yöndə də tədqiqat gedir: “Burada həm də o var ki, partiyanı hazırda parlamentdə təmsil edənlərdən kimlər təkrar seçkilərə gedəcək və yaxud da, onlar hansı yeni namizədlərlə əvəz olunacaqlar… Bundan əlavə, qeyd edim ki, Azərbaycanda 40-dan artıq partiya bəyanat verərək seçkilərdə iştirak edəcəyini bildirib.
İndi biz də baxacağıq ki, hansı dairədən hansı namizəddir və bizim namizəd kim olmalıdır ki, orada seçicilərin rəğbətini qazansın, səs çoxluğu ilə qələbə çalsın. Yerdəyişmələr də ola bilər. Yəni, bunlar hamısı taktiki gedişlərdir. Bunlar hamısı olacaq. Bu səpkidə proseslər gedir”.
S.Novruzov eyni zamanda, seçkilərin nəticələrinin bir daha seçicilərin rəyindən, seçimindən asılı olacağını da qeyd edib: “Bizim indiyə qədər keçirdiyimiz sosioloji sorğular da, bütün ictimai rəylər də onu göstərir ki, Yeni Azərbaycan Partiyası bu seçkilərdə də qələbə çalacaq”.
ikisahil.com