Mətanət Mustafayeva,
Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi, doktorant
Müəyyən bir coğrafiyada doğulmaq, həmin ərazinin insan resurslarından törəmək bölgənin və etnosun milli-mənəvi dəyərlərinə, adətlərinə, genetik kodlarına sahib olmaq deməkdir. Danışıq dili genetik xüsusiyyət daşımır. Lakin hər bir xalqın milli təfəkkürü, ideologiyası, düşüncəsi, həyatı və dünyanı dərk etməsi onun genləri və etnopsixologiyası ilə şərtlənir.
Dil mücərrəd və məntiqi təfəkkür vasitəsilə yaranır, bioloji varlıq olan insan sosial mənada məhz dil vasitəsilə fərd olur. Dil insanları formalaşdırır, şəxsiyyət kimi yetişdirir. Dil sadəcə ünsiyyət vasitəsi deyil, psixologiyamızı doğulduğumuz andan, bəzi yanaşmalara görə daha əvvəldən formalaşdırır. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, uşaq ana bətnində olarkən ətrafdakı səsləri, onun üçün seçilən adı, valideynin xəyallarını, onunla əlaqəli planlarını eşidir, doğuş prosesində, ananın hamiləlik dövründə ünsiyyət etdiyi dili daha asanlıqla tanıyır, duyur. Ana dili fərdi sakitləşdirir, kömək edir, digər tərəfdən müsbət (incəlik, qayğı, ana sevgisi, təhlükəsizlik hissi) və mənfi, ağrılı, travmatik (ayrılıq, məyusluq, qısqanclıq, narazılıq, aqressiya) ilk, şüursuz təcrübələrimizlə əlaqələndirilir.
Dil, ümumiyyətlə, mədəniyyətin əsasını təşkil edir. Əvvəlki nəsillərin sosial təcrübəsini “mənimsəyən” uşaq dili ölkə mədəniyyətinin bir hissəsi kimi mənimsəyir. Məktəbəqədər yaşda olarkən uşaqlar ana dilini və onun estetik xüsusiyyətlərini öyrənirlər. Ana dilinin öyrənilməsi prosesində estetik tərbiyə estetik hisslərin də formalaşmasıdır. Təbiət, cəmiyyət, insan şəxsiyyəti, sənət öz şifahi əksini tapır. Ana dilində nitq bacarıqlarını inkişaf etdirərək eyni zamanda təbiətə, insana, cəmiyyətə və sənətə zərif münasibət formalaşdırırıq. Ana dili öz-özlüyündə inkişaf obyekti kimi gözəllik xüsusiyyətinə malikdir. Müəllimlər uşaqların diqqətini məcazi ifadəlilikdən, səs və melodiya vasitələrindən, dil vasitələrindən istifadənin məqsədəuyğunluğuna yönəldir və bununla da dilə estetik münasibətin əsasını qoyulur. Uşaqların özlərinin bədii dili, şifahi yaradıcılığı və bədii-linqvistik fəaliyyəti estetik inkişaf üçün xüsusi əhəmiyyət kəsb edir.
Erkən uşaqlıqdan nənə və babamızın nağıllarını, bayatılarını və əfsanələrini dinləyirik, Vətənimizin dağlarının və çaylarının, göllərinin və meşələrinin gözəlliyi bütün bədii nümunələrdə yaşayır. Nənələrimiz bizim üçün mahnı oxuyur, nağıllar danışır, atalar sözləri və kəlamlar vasitəsilə həyatı öyrədir, təkcə idrak deyil, həm də estetik imkanlardan istifadə edir, amma bu gün vəziyyət dəyişmişdir. Mövcud vəziyyət, demək olar ki, tamamilə tərbiyə, ana dilinə, tarixə və ənənələrə olan məhəbbətdə böyük rol oynamış nənə və baba məktəbini uşaqların həyatından kənarlaşmış, əvəzində ona virtual və elektron dünya təqdim edilmişdir.
Bu mənada ilk öyrədilən dil insanın öz genetik kodlarını da ifadə etməli, buna xidmət göstərməlidir.Odur ki, gənc nəslin təlim- tərbiyəsində, təhsilində, gündəlik kommunikasiyaya hansı dildə qoşulmasının da çox böyük əhəmiyyəti, təsiri vardır. Gələcək nəsli yetişdirməkdə olan valideynlər, pedaqoqlar da bu baxımdan həssas olmalı, ana dilə laqeyd münasibət göstərməməlidirlər.
Ümummilli Lider Heydər Əliyevin də, Prezident cənab İlham Əliyevin də siyasətinin, startegiyasının da ən əsas motivini Ana dili məsələsinin təşkil etməsi də təsadüfi deyildir. Heydər Əliyevin də dediyi kimi, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2001-ci ilin iyulunda Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı imzalandı. Eyni zamanda, həmin vaxtlarda Dil Şurası da yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin hazırlanması bunun parlaq göstəricisidir. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, milli düşünəni əks etdirən sanballı əsərlərin latın qarafikasında yenidən nəşr edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutmuşdur. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı eyni zamanda Əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu.
Prezident İlham Əliyevin 2018-ci il noyabr ayının 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanın preambulasında qarşıdakı məqsədlər belə təqdim edilirdi: “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.
Fərmanda qeyd edilmişdir: “Dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi, az qala, adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir”. Bu fikirlər hər Azərbaycan vətəndaşının qarşısında dilə qarşı diqqətin göstərilməsi, dəyərli mirasın mükəmməl şəkildə gələcək nəslə ötürülməsi, ana dilinə yüksək həssaslığın göstərilməsi məqamında böyük məsuliyyət qoyur.