Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Gəncə Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib.
“Milli Qurtuluş Günü – millətin özünə inamının bərqərar olduğu gün” mövzusunda reallaşan tədbirdə YAP İdarə Heyətinin üzvü, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Qədirov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək, bildirib ki, müasir Azərbaycan dövlətçiliyinin tarixi başlanğıcı sayılan Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridib: “Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinə başladığı 15 iyun tarixində müstəqil Azərbaycan dövlətinin və xalqının həyatında tamamilə yeni bir dövrə qədəm qoyuldu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra zəngin dövlətçilik təcrübəsinə və ümummilli maraqlara əsaslanaraq ölkəmizi siyasi böhrandan xilas etdi. Ulu Öndər müstəqilliyimizin məhv olması, ölkəmizin parçalanması, daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısını böyük məharətlə almaqla yanaşı, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar, beynəlxalq əhəmiyyətli sosial-iqtisadi və siyasi layihələr dövlətimizin tərəqqisinin əsasını qoydu”.
Gəncə Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Qədirov qeyd edib ki,15 iyun – Milli Qurtuluş Günündən başlayan böyük siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir və bunun nəticəsidir ki, müasir, demokratik, müstəqil Azərbaycan dünya səviyyəsində mühüm strateji mərkəzə, Cənubi Qafqaz regionunun liderinə, transmilli layihələri reallaşdıran və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən qüdrətli dövlətə çevrilib.
44 günlük Vətən Müharibəsinə toxunan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova bildirib ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi zəfər, ölkəmizin gücünün və qüdrətinin nümayişi, Azərbaycanın dünyada artan nüfuzunun böyük göstəricisidir.
“Heydər Əliyevin gömrük xidmətinin təkminləşdirilməsində rolu” mövzusunda çıxış edən Gəncə Gömrük İdarəsinin Metodoloji təminat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən gömrük xidməti mayoru Fatma Musayeva vurğulayıb ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı. Bu tarixi gün, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası günüdür..
Dövlət Gömrük Komitəsi Azərterminalkompleks Birliyinin inspektoru Gəncə Gömrük İdarəsində xidmət edən gömrük xidməti leytenantı İlahə Əliyeva “Heydər Əliyev və müstəqil Azərbaycan gömrüyünün inkişaf tarixi” mövzusunda çıxış edərək, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycan gömrüyünün keçdiyi yoldan danışıb.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin müasir gömrük xidmətinin formalaşmasında müstəsna rolundan bəhs edən videoçarx nümayiş etdirilib.