Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
149 il əvvəl dövrünün görkəmli ziyalılarından biri, maarifçi-publisist Həsən bəy Zərdabinin gərgin əməyi sayəsində ərsəyə gələn “Əkinçi” qəzetindən başlanan yol Azərbaycanın şərəfli milli mətbuat tarixinə yeni nəfəs gətirdi. Azərbaycan xalqımının maariflənməsində, milli-mənəvi dəyərlərinin qorunmasında, müstəqillik ideyalarının yayılmasında və gənclərin bu ideyalar əsasında tərbiyələndirilməsində milli mətbuatın əvəzsiz rolu oldu. Milli mətbuat azərbaycançılıq ideallarının, bu ideallara bağlı ictimai-siyasi fikir qaynaqlarının vacib daşıyıcısı kimi milli dövlət quruculuğu prosesində fəal iştirak edib. Ən əsası əsr yarım əvvəl yola çıxan, xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini, istək və arzularını, keşməkeşli həyatının bütün sahələrini daim öz səhifələrində əks etdirən Azərbaycanın gələcək taleyinə böyük təsirlər göstərdi.
“Əkinçi”, “Ziya”, “Kəşkül”, “Kaspi”, “Molla Nəsrəddin”, “Həyat”, “Açıq söz” kimi milli qayəli jurnal və qəzetlər xalqımızın milli oyanışında, milli məfkurənin formalaşmasında misilsiz rol oynadı. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi nəticəsində milli mətbuatın formalaşması və inkişafı üçün geniş imkanlar yarandı. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri aradan qaldırdı. Medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, vətəndaş cəmiyyəti quruculuğunda KİV-in rolunun yüksəldilməsi məqsədilə davamlı addımlar atılmağa başlandı. Azərbaycan mətbuatının, jurnalistikanın sürətli, hərtərəfli inkişafına hər cür şərait yaradıldı. Milli Mətbuatımızın nümayəndələri də öz növbəsində milli və ümumubəşəri dəyərlərin təbliğində, xalqımızın tarixi keçmişinin öyrənilməsində, vətənpərvərlik hislərinin cəmiyyətə aşlanmasında, ölkəmizin müstəqillik illərində bütün sahələrdə əldə etdiyi uğurlu nəticələrin cəmiyyətə çatdırılması işində yaxından iştirak etdilər. Milli Mətbuatın şərəfli tarixi ərzində ən düzgün qiymət də məhz dünyaşöhrətli dövlət xadimləri sırasında yer alan Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vermişdir.
“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” – deyə bildirən Ulu Öndər Heydər Əliyev həmçinin milli media ənənələrini zənginləşdirən dövlətçiliyə xidmət, azərbaycançılıq ideologiyasının təbliği və ümumbəşəri dəyərlərə hörmət prinsipləri mətbuatımızın püxtələşməsində əvəzsiz rol oynadı.
Əsası Ulu Öndərimiz tərəfindən qoyulan media siyasəti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkə Prezidentimiz cənab İlham Əliyev rəhərliyi ilə dövlətçilik ənənələrinə bağlı, xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafını prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlayaraq bildirib ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.
Dövlət rəhbərimiz cənab İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə KİV-in inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu, gözlənilən dəyişikliklərin və yeniləşmənin mesajı verilmiş oldu. Yol xəritəsi rolunu oynayan Fərmandan sonra “Media haqqında” Qanun qəbul olundu, jurnalistlər sosial ipotekadan yararlanmaq imkanı qazandı, qəzet kağızı əlavə dəyər vergisindən azad edildi. Bu, ölkə mediasının inkişafına yeni yanaşmanın ilkin təzahürləri olmaqla, eyni zamanda, KİV qarşısında açılan daha geniş üfüqlərdən və perspektivlərdən soraq verir.
Milli maraqlarımıza xidmət edən Milli Mətbuat nümayəndələri həm ölkə daxilində həm də xaricdə obyektiv, düzgün məlumatların yayılmasında, ölkədə vətənpərvərlik ruhunun daha geniş təbliğ olunması istiqamətində yorulmadan çalışırlar.
Azərbaycanda medianın inkişafı dövlətin əsas prioritetlərindəndir. 2022-ci ildən başlayaraq Milli Mətbuat Günündə Qarabağın tacı Şuşada beynəlxalq Media Forumu keçirilir. İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak etdiyi mötəbər tədbirdə dövlətimizin başçısı bir daha dünyaya Azərbaycan reallıqlarını çatdırdı və regionda baş verən prosesləri dəyərləndirdi. Dünya mediası Qalib ölkəmizin Qalib Prezidenti cənab İlham Əliyevin Qlobal Media Forumunda səsləndirdiyi fikirləri, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətləri bir daha və beynəlxalq auditoriyaya çatdırdı.
Milli mətbuatımızın keçdiyi 149 illik yolun ən şərəfli məhələsindəyik. Böyük Zəfəri ilə dünyaya səs salan, adını dünya tarixinə qalib ölkə kimi yazdıran Azərbaycan reallıqları beynəlxalq ictimaiyyətə daha dolğun şəkildə çatdırılır. Ölkə Prezidentimiz cənab İlham Əliyevin siyasi iradəsi sayəsində bu gün Azərbaycanda azad, müstəqil, yetkin informasiya cəmiyyəti formalaşıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşən, mübariz, cəsarətli Milli Mətbuat işçilərimizi bu əlamətdar gün münasibətilə təbrik edir, şərəfli və yorulmaz işlərində yeni-yeni uğurlar arzulayıram.