Milli Aviasiya Akademiyası (MAA) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə MAA-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirə dəvət olunmuş Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universitetinin rəhbər heyəti və tələbələr, eləcə də Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru və şagirdləri ilə birgə MAA-nın rəhbər heyəti, professor-tələbə kollektivi Ulu Öndərin büstü önünə güllər düzüb, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bir daha ifadə ediblər.
MAA-nın kitabxanasında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib, sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Aviasiya Akademiyasının rektorunun köməkçisi, dosent Gülnarə Əhmədova tədbir iştirakçılarına MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin səmimi salamlarını çatdırıb və Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan xalqının güclü iradəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu və yüksək şücaəti, ordumuzun, əsgər və zabitlərimizin igidliyi, xalqımızın birliyi bizə bu tarixi zəfəri yaşadıb.
Daha sonra birinci prorektor, professor Ədalət Səmədov Vətən müharibəsində məzun olmuş dörd şəhidimiz, eləcə də təhsil alanlar və əməkdaşlarımızdan ibarət iştirakçı və qazilərimiz barədə məlumat verib, onların şərəfli yol keçdiklərini qeyd edib.
Aviasiya tarixi muzeyinin böyük elmi işçisi Rübabə Əbiyeva 44 günlük Vətən müharibəsinin tarixi aspektləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Sonra “Zəfərə qanadlananlar” filmi nümayiş olunub.
MAA-nın Dil və ictimai fənlər kafedrasının müdiri, professor, Xalq şairi Nəriman Həsənzadə və qonaqlar Zəfər Günü ilə bağlı sevinc hisslərini ifadə edərək, MAA-da təşkil olunmuş tədbirə görə akademik Arif Mir Cəlal oğlu Paşayevə dərin minnətdarlıqlarını bildirdilər.
MAA-nın məzunları olan şəhidlərin şəkilləri önünə gül dəstələri düzüldü və xatirələri ehtiramla anıldı.
Tədbir iştirakçıları Heydər Əliyev Muzeyi ilə tanış edilib və Ümummilli Lider haqqında sənədli film nümayiş olunub.
Daha sonra qonaqlar Pilotların Hazırlığı Mərkəzi, auditoriya və laboratoriyalar, həmçinin, Tələbə Yaradıcılıq evi, Texnoritm ilə yaxından tanış olublar.